“Əlinin “Qisseyi -Yusif” poeması və onun dili”
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasında “Əlinin “Qisseyi-Yusif” poeması və onun dili” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və magistrantları, “Türkoloji araşdırmalar” və “Dədə Qorqud”ETL-in əməkdaşları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti İslam Vəliyev bildirib ki, Azərbaycan dilinin çoxəsrlik inkişaf tarixini tədqiq etmək və araşdırmaq üçün orta əsrlərdə ayrı-ayrı müəlliflər tərəfindən qələmə alınmış əlyazmaları müstəsna əhəmiyyətə malikdir. Anadilli ədəbiyyatımızın və dilimizin təşəkkülü dövründən danışarkən maraqlı bir üslubda yazılmış Əlinin “Qisseyi-Yusif” məsnəvisini xüsusi qeyd etmək lazımdır. Mütəxəssislər “Qisseyi-Yusif” məsnəvisi ilə, əsasən, XIX əsrdən maraqlanmağa başlayıblar. Bu mövzuda, gəlinən nəticəyə görə, dünyada 20 dildə əsər yazılıb. Çünki bu mövzu yalnız Şərqdə yox, ümumiyyətlə dünya ədəbiyyatında öz yüksək bəşəri ideyası, ibrətamiz və düşündürücü məzmunu, tərbiyəvi fikir çaları ilə seçilən süjetlərdən biri sayılır.
Məruzəçi vurğulayıb ki, təxminən 5000 misradan ibarət olan bu məsnəvi hicri 630, miladi 1233-cü ildə qələmə alınıb. Məsnəvi tam şəkildə Azərbaycanda 1995 (və 2005) – ci ildə ilk dəfə E.Əlibəyzadə və Ə.Hüseyni tərəfindən nəşr olunub. Qul Əli öz məsnəvisini epik poeziya və poetik təhkiyə üçün daha əlverişli, çevik bədii forma sayılan məsnəvi şəklində deyil, daha çox türk şeiri ənənəsində özünü göstərən dördlüklər şəklində yazıb.
Həmçinin çıxışda “Qisseyi-Yusif” məsnəvisinin dilindəki leksik-semantik vahidlər, qrammatik əlamət və morfoloji göstəricilər müasir Azərbaycan ədəbi dili ilə müqayisə olunub, arxaik dil vahidlərinin dialektlərimizdə və müasir dillərində öz izlərini saxladığı diqqətə çatdırılıb.
Sonra mövzu ilə bağlı çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Seminar müzakirələrlə yekunlaşıb.