Əlifba problemlərinə həsr olunmuş elmim seminar
BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının təşəbbüsü ilə “XX əsrin əvvəllərində Azərbaycanda əlifba problemləri” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın magistrantları - Gövhər Cəfərova “Əlifba məsələlərinə sosial-mədəni və dini baxımdan yanaşma”, Səma Məmmədsalahova “Fərhad Ağazadənin əlifba məsələləri ilə bağlı fəaliyyəti və yeni əlifba layihəsi” və Firuzə Qaloyeva "Bəkir Çobanzadənin yeni əlifba uğrunda mübarizəsi" adlı məruzələrlə çıxış ediblər.
Gövhər Cəfərova XX əsrin əvvəllərində əlifba məsələsinə həm sosial-mədəni, həm də dini baxımdan yanaşmaların spesifik cəhətlərindən danışıb. Bu istiqamətdə I Türkoloji qurultayda aparılan müzakirələri və onların nəticələrini geniş şərh edib.
Səma Məmmədsalahova isə Fərhad Ağazadənin həyat və yaradıcılığından, əlifba islahatlarının həyata keçirilməsindəki rolundan söz açıb, müəllifin yeni əlifba layihəsi haqqında məlumat verib.
Firuzə Qaloyeva görkəmli türkoloq Bəkir Çobanzadənin elmi yaradıcılığından, xüsusilə Azərbaycanda aparılan əlifba islahatına verdiyi mühüm töhfələrdən bəhs edib, alimin I Türkoloji qurultaydakı görüşlərini təhlil edib.
Sonra Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının magistrantları mövzu ətrafında müzakirələr aparıb, məruzəçilərə suallar ünvanlayıblar.