Əliağa Vahidin 130 illiyinə həsr olunmuş tədbir
Bakı Dövlət Universiteti (BDU) Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT), Tələbə Elmi Cəmiyyətinin (TEC) və “Amin” İctima Birliyinin birgə təşkilatçılığı ilə Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov giriş sözü ilə çıxış edərək, Əliağa Vahidin ədəbi fikir tarixində yerindən və yaradıcılığından geniş söz açıb.
BDU-nun Elmi kitabxanasının baş biblioqrafı və “Amin” İctimai Birliyinin sədri Seyyid Əsri şairin yaradıcılığındakı irfani məsələlərə toxunub və ədibin lirikasından nümunələr, həmçinin özünün müəllifi olduğu qəzəli səsləndirib.
Sonra şairin ömür yolundan bəhs edilən videoçarx nümayiş olunub. Tədbir bədii hissə ilə davam edib. Məcid Dövri şairin qəzəlinə yazdığı nəzirəni, Yaqut Tağıyeva, Səyahət Məhərrəmova, Lamiyə Kamallı və Pərvin Zamanova şairin şeirlərini səsləndiriblər. Selcan Təvvabi və Aydan Aslanlı şairin yaradıcılığındakı bəzi Şərq elmlərindən və bir neçə qəzəlin beytlərinin izahından danışıblar. Sonda Leyla Nəbizadə Ə.Vahidin müəllifi olduğu “Xudayar təsnifi”ni ifa edib.