“Əli bəy Hüseynzadənin ictimai-nəzəri görüşləri” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-də “Əli bəy Hüseynzadənin ictimai-nəzəri görüşləri” mövzusunda elmi seminar keçirilib. Seminarda “Azərbaycan dilçiliyi” kafedrasının, “Dədə Qorqud” və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları iştirak ediblər.
Giriş sözü ilə çıxış edən laboratoriya müdiri, dosent Nəzakət Hüseynova seminarın mövzusunun əhəmiyyətinə toxunub, Əli bəy Hüseynzadənin Azərbaycan milli-istiqlal mücadiləsindəki rolu və mövqeyindən bəhs edərək, ədibin zəngin irsinin araşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi tədqiqat laboratoriyasının elmi işçisi Məhin Quliyeva Əli bəy Hüseynzadənin ictimai-siyasi kimliyi, həyat və fəaliyyətinin maraqlı məqamlarına dair ətraflı məlumat verib. Məruzədə Ə.Hüseynzadənin yazdığı siyasi məqalə, hekayə və şeirlərdən, habelə, bir çox Avropa şairlərinin şeirlərini orijinaldan etdiyi tərcümələrindən bəhs edilib. Məruzəçi rus yazıçsı A.P. Çexovun “Qılaflı adam” əsərinin “Əbdi-qılaf və məhfəzə” hekayəsindən iqtibas edildiyini diqqətə çatdırıb. O həmçinin Ə.Hüseynzadənin “Ömər Xəyyam” məqaləsini təhlil edərək, müəllifin fars şairi, dünyaşöhrətli rübai ustadı Ömər Xəyyamın sənətkarlığına verdiyi dəyərdən söz açaraq, onun rübailərinin böyük bir qisminin Almaniyada, Fransada, tərcümə edilərək nəşr olunduğunu da vurğulayıb.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Laboratoriya müdiri, dosent Nəzakət Hüseynova, fəlsəfə doktorları Samirə Quliyeva, Samirə Məmmədova və başqaları məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Seminar müzakirələrlə yekunlaşıb.