El şairi Sücaət Kəlbəcərlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin təşəbbüsü ilə tanınmış el şairi Sücaət Kəlbəcərlinin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu qonaqları salamlayaraq, Kəlbəcər ədəbi mühiti haqqında geniş məlumat verib, xüsusilə Aşıq Şəmşirlə Səməd Vurğunun İstisuda görüşünün dillərə dastan olaraq el arasında yayılmasının Kəlbəcər ədəbi mühitinə müsbət təsirindən, eləcə də Sücaət Kəlbəcərlinin fəaliyyətindən, şairin yaradıcılığının ədəbiyyatımızda yerindən söz açıb.
İctimai TV-nin “Ozan verilişi”nin aparıcısı Qorxmaz Tofiqoğlu Sücaət Kəlbəcərli poeziyasının bənzərsizliyindən, xüsusilə Kəlbəcər ədəbi mühitinin qorunub saxlanmasında onun ədəbi fəaliyyətinin əhəmiyyətindən bəhs edib, sənətkarın yaradıcılığını Qaracaoğlan poeziyası ilə müqayisə edərək, şairin şeirlərindən nümunələr səsləndirib.
BDU-nun Filologiya fakültəsinin doktorantı Jalə Nağıyeva ədibin şeirlərinin poetik özəlliklərindən söz açıb, onun məhbəs şeirləri və indiyə qədər çap olunmuş kitabları haqqında məlumat verib, yaradıcılığından örnəklər səsləndirib.
Sonra Aşıq Ədalət Dəlidağlı və Aşıq Əli Zeynalabdinoğlu saz sədaları altında şairin şeirlərini ifa ediblər.
Tədbir Filologiya fakültəsinin tələbələri - Hümbət Bədəlov, Nigar Xanəliyeva, Nərgiz Vəlizadə və Əkbər Türbəndəyevin çıxışları ilə yekunlaşıb.