Əhməd Cavadın 130 illiyi qeyd olunub
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Azərbaycan filoloji fikri çağdaş tədqiqatlarda” mövzusunda respublika elmi konfransı keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Əhməd Cavadın simasında repressiya qurbanlarının və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb, görkəmli şairin yaradıcılığının ədəbiyyat tariximizdəki yerindən, ədəbi-bədii dilimizin inkişafında rolundan, keçirilən konfransın əhəmiyyətindən danışıb.
Plenar iclasda BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı “İstiqlal şairi Əhməd Cavad” və Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının magistrantı Firuzə Qaloyeva “Bədii ədəbiyyatda Əhməd Cavad obrazı” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə şairin azadlıq ideyalarından, əməli ilə qələminin bir olmasından, Əhməd Cavad yaradıcılığının ölkəmizdə və onun hüdudlarından kənarda, xüsusilə Türkiyədə tədqiqi və təbliği istiqamətində görülən işlərdən, bədii ədəbiyyatımızda yaradılan Əhməd Cavad obrazının poetik özəlliklərindən bəhs edilib, ədibin irsinə göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.
Tədbirdə şairin ömrü yolundan bəhs edilən videoçarx nümayiş olunub, Filologiya fakültəsinin tələbələri – Fidan Mədətova və Ülviyyə Orucovanın ifasında ədibin şeirləri səsləndirilib.
Konfrans bölmə iclasları ilə davam edib.