Ədəbiyyatşünas alimlər beynəlxalq konfransda
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in müdiri, dosent Nəzakət Hüseynova və laboratoriyanın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Əhməd Ağaoğlu və Türk dünyası” adlı beynəlxalq elmı konfransda iştirak ediblər.
Nəzakət Hüseynova “Əhməd Ağaoğlu yaradıcılığında “Türk birliyi” idealı” adlı məruzə ilə çıxış edib. Müəllif məruzəsində tarixi-müqayisəli metoddan istifadə etməklə Əhməd Ağaoğlunun “Türk birliyi” idealını tarixilik və müasirlik kontekstindəki apardığı araşdırmasını diqqətə çatdırıb. Məruzəçi Əhməd Ağaoğlu yaradıcılığının əsas qayəsini təşkil edən “türk birliyi” idealını əsərlərə dayanaraq, sətiraltı, simvolik, rəmzi anlamlarını açmaqla, türk tarixində baş verən acı həqiqətlərin xronologiyasını izləməklə, təhlil etməyə calışmış. Bu birliyin gerçəkləşəcəyinə qəlbən, ruhən inanan və gələcək nəslin beyninə bu əqidənin toxumlarını səpməyə səy edən bir Turan sevdalısının arzularının müasir mərhələdə artıq pöhrə verdiyini nəzərə çatdırıb. Başda Azərbaycan və Türkiyə dövlət başçıları olmaqla, bütün Türk dövlətlərinin böyük sürətlə həyata keçirilmə prosesinə qoşularaq “Türk birliyinin” yaradılması ilə kökləri tarixi keüçmişimizə dayanan bu idealın müasir mərhələdəki təntənəsində Əhməd Ağaoğlunun mənəvi haqqının olmasını qeyd edib.
Samirə Məmmədli “Əhməd Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsərinin janrına dair” adlı məruzə ilə çıxış edib. Müəllif məruzəsində Əhməd Ağaoğlunun janrların sərhəddində yaradılan “Sərbəst insanlar ölkəsində” əsərindəki janr transformasiyası ilə bağlı məsələni nəzərə çarpdırır. Qeyd edir ki, “Sərbəst insanlar ölkəsində” Azərbaycan mühacirət ədəbiyyatının fəlsəfi ruhunu açıqlamaq baxımından önəmli əsərdir. Bu əsər dünya ədəbiyyatı və fəlsəfi fikir müstəvisində də ənənəsi olan bir əsər olduğundan o dövrün Türkiyəsi üçün təsadüfi sayılmamalıdır. Tədqiqatın məqsədinə Əhməd Ağaoğlunun “ədəbi-fəlsəfi nəsr” anlayışı və konsepsiyasını incələmək, konkret olaraq, bu səpkidə yazdığı əsərlərin janrdaxili özəlliyini diqqətə çatdırmağa çalışmışdır.
Məruzəçilərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.