“Əcnəbidilli auditoriyada sadə cümlələrin öyrənilməsi"
BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Əcnəbidilli auditoriyada sadə cümlələrin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Dilarə Əhmədağa qızı Mustafayeva bildirib ki, Azərbaycan bölməsində rus dilini öyrənərkən sadə cümlələrin mənimsənilməsinə xüsusi yer ayrılır, çünki bu növ cümlələr nitqimizdə çox işlənir. Onlar həm monoloji, və həmi də dioloji nitqimizdə geniş istifadə olunur. Müşahidələr göstərir ki, sadə cümlələrin müxtəlif növləri - nəqli, sual, nida, təktərkibli, cüttərkibli və s. nitqdə aktiv işlənir. Nəzərə almaq lazımdır ki, belə cümlələrin hər bir növünün özünə məxsus əlamətləri, intonasiyası vardır. Məsələn, sual və nida cümlələrinin xüsusi intonasiyası olmalıdır. Sual cümləsində sual sözü cümlənin əvvəlində işlənməlidir. Bununla əlaqədar olaraq rus dilindəki sual sözlərinin məna və işlənmə qaydalarını mənimsəmək vacibdir. Sadə cümlələrin öyrənilməsini şərtləndirən məqamlardan söz açarkən onu da qeyd etmək lazımdır ki, hər bir xalqın dilində geniş şəkildə işlənən atalar sözləri, qanadlı sözlər və müdrik kəlamlar adətən sadə cümlələr vasitəsilə ifadə olunur. Dahi fikirlər, kəşflərin mahiyyəti, həmçinin vacib mətnlərin dil materialı məhz sadə cümlələrdən ibarət olur. Deməli, kommunikasiyanın tam şəkildə reallaşması sadə cümlələr olmadan mümkün olmur. Bu səbəbdən sadə sintaktik vahidlər diqqət mərkəzində olmalıdır.
Seminar mövzu ətrafındakı müzakirələrlə yekunlaşıb.