Əhməd bəy Ağaoğlu yaradıcılığı ilə bağlı elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “Əhməd Ağaoğlunun nəsri: sosial-siyasi proseslərin bədii təcəssümü” mövzusunda elmi seminar keçirilib. Seminarda “Dədə Qorqud” və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi tədqiqat laboratoriyalarının əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova elmi seminarın gündəliyindəki mövzunun aktuallığını xüsusi vurğulayaraq, mühacirət ədəbiyyatının milli ədəbi taleyimizdəki yeri və mövqeyindən, mühacir həyatının çətinliklərindən bəhs edib. Eləcə də milli-istiqlal mübarizəsinin önəmli silahdaşlarından olan Əhməd bəy Ağaoğlunun mübarizə yolu və metoduna dair maraqlı faktları nəzərə çatdırıb. Həmçinin mühacir yazarın qərb düşüncə modelindən yararlaranaq şərqin maariflənməsinə, mənəvi-əxlaqi dəyərlərin dərkinə, azadlıq təməli üzərində dövlətçilik anlayışının ifadəsinə çevrilən nəsr örnəklərinin milli bədii yaddaşımızdakı əhəmiyyətini xüsusi qeyd edib.
Sonra söz məruzəçiyə verilib. Laboratoriyanın elmi işçisi Samirə Məmmədova “Əhməd Ağaoğlunun nəsri: sosial-siyasi proseslərin bədii təcəssümü” mövzusunda məruzə edib.
Sonra mövzu ilə bağlı çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb.