“Dünya dillərində türkizmlər” adlı seminar
Mayın 16-da Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının təşəbbüsü ilə “Dünya dillərində türkizmlər” mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, magistrantlar və tələbələr iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə türk dilləri haqqında ümumi məlumat verib, həmçinin qədimdən indiyə qədər dünya dillərində türkizmlərin işləndiyini əyani faktlarla auditoriyaya çatdırıb. Göstərib ki, türk sözləri akkad, qədim elam, şumer dillərinə, hətta Avropa, Asiya qitələrini aşaraq, 250 əsr bundan əvvəl türklərin Altaydan Amerika qitəsi doğru hərəkəti istiqamətində hinduların dilinə də keçib. Hindular əslində türk tayfalarının köçməsi ilə bağlı prosesdə meydana çıxıb. Məruzəçi bildirib ki, türklər oraya köçəndə həmin yerdə başqa tayfalar yaşamayıb. Lakin zaman keçdikcə başqa tayfaların bir qismi ilə qarışmalar gedib, amma türklərin əsl nüvə hissəsi qarışmayıb. Buna görə də belə fikir var ki, həmin hissə öz əcdadlarının genini daha çox saxlayıb.
Həmçinin məruzədə genetik tədqiqatla filoloji tədqiqat haqqında danışılıb, qan qohumluğunun söz qohumluğundan irəli gəldiyi məsələsi qoyulub. Qeyd olunub ki, qan qohumluğuna əsasən macarların, aşkenaz yəhudilərinin əslində türk soylu olmaları üzə çıxıb. Məruzədə türklərin qədim tarixi, eləcə də tarixən türklərin qurduğu 17 imperiya - dövlət və həmin imperiyada yaşayan xalqların dillərinə türk dilinin təsiri barəsində də məlumat verilib. Məruzəçi bu barədə xeyli sayda dil faktlarını iştirakçıların diqqətinə çatdırıb. Belə nəticəyə gəlinib ki, türk dili əzəldən qədim bir dil kimi dünya dillərinin, demək olar ki, hamısına təsir edib.
Sonda F.Əlizadə müəllimlərin və tələbələrin çoxsaylı suallarını cavablandırıb.