Dosent Samirə Mərdanovanın elmi seminarı
24 oktyabr 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının təşəbbüsü ilə “Ədəbi dilin funksional üslublar sistemi: ailə-məişət üslubu” mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mövzu üzrə məruzə edən Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Samirə Mərdanova əvvəlcə dilçiliyin müstəqil sahələrindən biri olan üslubiyyat və onun inkişaf tarixi ilə bağlı geniş məlumat verib, bu sahə üzrə dünyada tanınan dilçi alimlərin tədqiqatları və düşüncələri ilə seminar iştirakçılarını tanış edib. Məruzəçi görkəmli filosof və alimlərin fikirlərini şərh edib, onların ideyalarının müasir dilçiliyimiz üçün əhəmiyyətini diqqətə çatdırıb.
S.Mərdanova məruzəsində üslubiyyatın struktur bölmələri, ədəbi dilin funksional üslublar sistemi və onların təsnifatı məsələlərinə toxunaraq ailə-məişət üslubunun xüsusiyyətləri barədə məlumat verib. Azərbaycan ədəbi dili funksional üslublar sistemində ailə-məişət üslubundan bəhs edərkən o, bu üslubun digər funksional üslublarla müqayisədə bir çox hallarda diqqətdən kənarda qaldığını qeyd edib. Məruzəçi ailə-məişət üslubunun funksional üslublar sistemində yerinin müəyyənləşdirilməsi baxımından Azərbaycan dilçilərinin fikir və mülahizələrini təqdim edərək bu üslubun da digər funksional üslublar kimi ədəbi dil hadisəsi, ədəbi dilin normativ üslubu olduğunu vurğulayaraq nitqini yekunlaşdırıb.
Təqdim olunan slaydlar vasitəsilə məruzəçi mövzu haqqında görüşlərini əyani şəkildə izah edib. Sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, məruzə ilə bağlı təəssüratlarını bölüşüblər.
Seminarda BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin I kurs tələbəsi Aydan Paşazadə “Publisistik üslubun formalaşmasında Həsən bəy Zərdabinin rolu” adlı məruzə ilə çıxış edib.