Dosent Saidə Mustafayevanın elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında «XVI-XVIII əsrlərdə Azərbaycan dili və onun tədrisi» mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Saidə Mustafayevanın çıxışında türk -Azərbaycan dilinin XVI- XVIII əsrlərdəki mövqeyinə siyasi, ictimai və didaktik müstəvidən nəzər salınıb. Məruzəçi bildirib ki, məsələyə bu üç istiqamətdən yanaşma bir-birini tamamlayan xüsusiyyətlərdir. Çünki xalqı millət kimi var edən onun dilidir. Bu dil əgər siyasi müstəvidə də öz yerini tuta bilərsə, bu həm də həmin dövlətin möhkəmlənməsinin, inkişafının təməli olar. Təhsilin də həmin dildə təşkili, həm də, eyni zamanda, milli mənəvi dəyərlərin qorunması, milli ruhun dirçəlməsi, elmi tərəqqisi kimi amillərin təcəssümünə çevrilər.
Məruzədə qeyd olunub ki, Azərbaycan xalqı ideya-mənəvi müstəqillik uğrunda dönmədən mübarizə apardığı müasir dövrdə öz tarixinin qaranlıq, yaxud mübahisəli məsələlərini öyrənməyə qar¬şısıalınmaz ehtiyac hiss etməkdədir. Həmin məsələ¬lərdən biri, bəlkə də birincisi dilimizin ədəbi dil kimi formalaşması və onun Azərbaycan məktəblərində təlim dilinə çevrilməsidir. Bu da, öz həllini XVI əsrin başlanğıcında tapmağa başladı. İlk dəfə Səfəvilər dövlətinin yаrаnması ilə Аzərbаусаn dili sаrау, şeir-sənət dili kimi öz dəyərini qazanır. Dövlətin əsаs dауаğını türklər təşkil etdiyi üçün mühüm dövlət vəzifələrinə də türklər təyin оlunurdular.
Türk (Azərbyacan) dili sarayda, dövlət idarələrində, hərbi hissələrdə və diplomatik yazışmalarda istifadə olunan rəsmi dillər sırasında mühüm yer tutmağa başlayır. Səfəvilər dövlətinin tаriхini аrаşdırаn tədqiqаtçılаrdan biri, məşhur şərqşünаs alim V.V.Ваrtоld Səfəvi хаnədаnının zamanındа türk dilinin işlədilməsi məsələsindən bəhs edərək, bu şəkildə məlumat verir ki, Səfəvi sülaləsinin var olduğu yerdə Azərbaycan (türk) əhalisi hələ o dövrdə türkcədən istifadə edirdi. Beləliklə də, saray və ordu dili kimi Səfəvi dövlətində türk dili hakim idi.
Dilimizin tədrisi tarixinə diqqət yetirən natiq vurğulayıb ki, XVI əsrdə Səfəvi dövlətinin hakimiyyətə gəlişi ilə həyata keçirdiyi tədbirlərdən biri də təhsilə göstərilən maraq idi. Ölkədə məhəllə məktəbləri və mədrəsələrin sayı artırılırdı. Eyni zamanda, dilimizin ədəbi dil kimi formalaşması onun Azərbaycan məktəblərində təlim dilinə çevrilməsinə də səbəb olub. Bu haqda məlumata 1636-cı ilin axırları və 1637-ci ilin əvvəllərində Azərbaycanda olmuş alman alimi və səyyahı Adam Olearinin (Olearyus) 1727-ci ildə Amsterdamda fransız dilində nəşr edilmiş səyahətnaməsində də rast gəlinir: «İranlıların əksəri ana dilində təlim alırlar. Xüsusilə… Şirvan, Azərbaycan, Ərak, Bağdad, İrəvan türkləri uşaqlarına türk dilində savad verirlər». Azərbaycan ədəbi dili XVII əsrdə daha da inkişaf edir. Həmin dövrdə Azərbaycan dilində yazilan əsərlərlə bərabər, bir çox əsərlər də dilimizə tərcümə olunub. Həmin əsərlərdən biri də 1668-ci ildə Azərbaycan dilinə tərcümə olunmuş Sədinin «Bustan»ıdır.
Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Seminar müzakirələrlə yekunlaşıb.