Dosent Rəna Mahmudovanın elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında XVII əsrdə İtalyan dilində yazılmış “Pietro della Vallenin “Türk dilinin qrammatikası” əsəri” mövzusunda elmi seminar keçirilib. Seminarda dekan müavini dosent M.Əlizadə və kafedranın professor-müəllim heyəti iştirak ediblər.
Mövzu ilə baglı məruzə edən dosent Rəna Mahmudova 1620-ci ildə italyan dilində yazılmış, 400 ildən sonra professor İdris Abbasov və filologiya üzrə fəlsəfə doktoru Günel Bayramova tərəfindən ana dilimizə tərcümə olunmuş, Azərbaycan dilinin ilk orijinal qrammatikası hesab olunan “Türk dilinin qrammatikası” (“La qrammatika turka”) kitabını seminar iştirakçılarına təqdim edərək əsər haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitabın müəllifi Pietro della Valle alim, səyyah, hüquqşünas və Şərq ölkələri üzrə ekspert olmuş, türk dilinə böyük maraq göstərmiş və altı il Səfəvi dövlətində yaşamışdır. Müəllif kitabda XVII əsrdəki türk dili (Səfəvi dövlətində işlədilən ana dilimiz) və onun qrammatik quruluşu haqqında müfəssəl məlumat verərək bildirir ki, bu əsər I Şah Abbas dövründəki Azərbaycan dilini əks etdirən qrammatika kitabıdır. Burada verilən bölgülər, nitq hissələri və cümlə haqqında olan məlumatlar müasir dilçiliyimizdəki fikirlərlə uzlaşır.
Sonra məruzə ətrafında çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Professor M.Abdullayeva mövzunun çox aktual və yeni olduğunu vurğulayıb, məruzəçiyə təşəkkürünü bildirib. Dosentlər M.Qurbanova və Ş.Abdullayeva, həmçinin magistrantlar çıxış edərək, bu araşdırmanın dilçiliyimiz üçün əhəmiyyətli və zəruri olduğunu qeyd edib, məruzəni yüksək qiymətləndiriblər. Seminar müzakirələrlə yekunlaşıb.