Dosent Rəhilə Quliyevanın elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Bəxtiyar Vahabzadənin əsərlərində didaktika məsələləri” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Rəhilə Quliyevanın çıxışında Xalq şairi B.Vahabzadənin yaradıcılığına pedaqoji və metodiki müstəvidən nəzər salınıb, əsərləri bu aspektdən analiz edilib. Məruzəçi bildirib ki, pedaqoqika və metodika elmləri didaktika – təlim nəzəriyyəsinin bütün atributlarını özündə ehtiva edir; buraya məktəb, müəllim, dərslik, kitab, əxlaq və s. daxildir. Təlim zamanı konkret və ümumi didaktik vəzifələrin erinə yetirilməsi üçün tələb olunan məsələlərin hamısına ölməz şairimiz B.Vahabzadənin əsərlərində cavab tapmaq mümkündür.
Çıxışda qeyd olunub ki, B.Vahabzadə bütün yaradıcılığı boyu xalqımızın milli şüurunu inkişaf etməsinə, hər sahədə maariflənməsinə çalışıb. O, şair, alim, filosof olmaqla bərabər, həm də gözəl pedaqoq idi. Bu səbəbdəndir ki, didaktika məslələri onun yaradıcılığının ana xətlərindən biri kimi diqqəti cəlb edir. Əsərlərində təhsilə, biliyə, ədəbi irsimizə, tariximizə, vətənə, ana dilinə, ümümbəşəri dəyərlərə böyük məhəbbət hissi aşılayır. Bu qəbildən olan əsərləri- “Məktəb yolları”, “Müəllim”, “Tələbələrimə”, “Vətən marşı”, “Vətəndən vətənə”, “Ana”, “Ana dili” və s. əsərləri müasir təlimin prinsiplərini əks etdirir.
Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Kafedra müdiri, professor M.Abdullayeva məruzəni dəyərləndirərkən bildirib ki, Bəxtiyar Vahabzadənin əsərlərində didaktika məsələləri bu gün üçün, eyni zamanda bütün dövrlər üçün aktualdır. Didaktika məsələlərinin xalq şairimizin yaradıcılığı kontekstində araşdırılması məruzənin elmi dəyərini artırır. Dosent R.Quliyevanın poetik nümunələri söyləyərək onların məzmununun həm əxlaqi, həm metodiki dəyərini açıqlaması məruzənin elmi və didaktik tutumunu zənginləşdirir.