Dosent Ofelya Piriyeva açıq dərs aparıb
Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Ofelya Piriyevanın Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə I kurs, “İngilis-17” qrupunda “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən “Akademik kommunikasiya anlayışı. Akademik kommunikasiyanın janrları. Akademik kommunikasiyanın yazılı və şifahı formaları” mövzusunda açıq dərsi keçirilib. Dərsdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva və dosent Səidə Abbasova iştirak ediblər.
Dərsin əvvəlində fənn müəllimi Ofelya Piriyeva tələbələrin dərsə davamiyyətini yoxlayıb və yeni mövzunun məqsədini izah edib. Mövzu haqqında mühüm məqamları diqqətə çatdıran müəllim qeyd edib ki, “akademik kommunikasiyanın əsasını akademik nitqlər təşkil edir. Bu nitqlər yalnız məlumat ötürmək məqsədi daşımır, həm də auditoriya qarşısında fikirlərin ardıcıllığını, əsaslandırılmasını və elmi üslubun düzgün tətbiqini təmin edir. Akademik nitqlər elmi-praktik konfranslardan başlayaraq ali məktəb auditoriyalarında keçirilən müzakirələrə qədər müxtəlif formalarda təqdim olunur”.
Sonra fənn müəllimi mövzu üzrə elmi baza və praktiki bilikləri tələbələrə təqdim edib və onları müzakirəyə cəlb edib. Dərs zaman tələbələr mövzu ilə bağlı əldə etdikləri bilikləri elmi yanaşma və təhlillərlə təqdim etməklə yanaşı, dərsin mahiyyətini hazırladıqları slaydları əsasında izah ediblər. Tələbələrdən Nurlan Hüseynov, İlahiyyə Mehtiyeva və Mələk Nəzirli hazırladıqları təqdimatlarla elmi məqalələrin məzmununun formalaşdırılması, dil və üslub qaydaları, məqalələrin akademik mühitdə tətbiqi və dərc edilməsi yolları haqqında da geniş məlumat veriblər.
Sonda kafedra müdiri, professor İlhamə Hacıyeva çıxış edərək, dərsdə müasir təlim metodlarından səmərəli istifadə olunmaqla tələbələrə nəzəri biliklərlə yanaşı, praktik vərdişlərin də aşılanmasını xüsusi vurğulayıb. Tələbələrin mövzu ilə bağlı dərin hazırlığı, İKT imkanlarından düzgün istifadəsi və elmi mətnlərin hazırlanmasında elmi etikaya riayət olunmasına dair fikirləri dərsin müsbət tərəflərindən biri kimi qiymətləndirilib.