Dosent Nəzakət Hüseynova beynəlxalq simpoziumda
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL”-nin müdiri, dosent Nəzakət Hüseynova Türkiyənin EGE Universitetində Türkiyə Cümhuriyyətinin 100 illiyinə və İsmayıl bəy Qaspıralının xatirəsinə həsr olunmuş “Türk dünyasının müasirləşməsi: Türk dünyasında roman və hekayə” mövzusunda beynəlxalq elmi simpoziumda həm təşkilat və proqram komitəsinin üzvü, həm də məruzəçi kimi iştirak edib.
Simpoziuma onlayn şəkildə qatılan Nəzakət Hüseynova “İsmayıl Qaspıralının “Türk birliyi” düşüncəsinin Azərbaycan ədəbi və elmi fikir tarixində yeri” adlı məruzə ilə çıxış edib. Müəllif məruzəsində İ.Qaspıralının yaradıcılığının ana xəttini “Türk birliyi”, “türküçülük” düşüncəsi təşkil etdiyini diqqətə çatdırıb. İ.Qaspıralıda “türk birliyi” düşüncəni formalaşdıran əsas səbəb kimi:
1. Onun tarixən türklərə qarşı olan həm hərbi, həm də mənəvi basqınlar haqda geniş elmi və tarixi məlumata sahib olmasını,
2. Yaşayıb yaratdığı çar Rusiyası zamanında (1851-1914) özünün şahidi olduğu siyasi oyunlarla Türklərə qarşı aparılan “məhv etmə” planının acı nəticələrini göstərib. Məhz bu səbəbdən müxtəlif coğrafi məkanlarda yaşayan Türklərin təklənərək məqsədli olaraq assimilyasiya edilərək, dillərinin məhv edilmə təhlükəsini hiss edən İ. Qaspıralı bütün türkləri vahid dilə, “ortaq türkcəyə” sahib olmağa səsləməklə yaradıcılığı boyu “Dildə, işdə, fikirdə birlik” ideyasının təbliği ilə məşğul olmasını mənbələrə dayanaraq bu barədə qənaətlərini əsaslandırmağa çalışıb.
Məruzəçinin fikirləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.