Dosent Məti Osmanoğlunun elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında “Türk xalqlarının ədəbiyyatlarının tədrisində ortaq konsepsiyanın müəyyənləşdirilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru Mətanət Abdullayeva, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının, “Dədə Qorqud”, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi tədqiqat laboratoriyalarının əməkdaşları, magistrant və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Məti Osman oğlu Bayramlı yeni reallıqlar zəminində türk dünyasında gerçəkləşən elmi-mədəni əlaqələrdən, xüsusilə Türk Dövlətləri Təşkilatının yaradılmasından, təhsil prosesində ciddi yeniliklərin aparılmasının zəruriliyindən danışıb. Türk dünyasında təhsil sisteminin təşkilinin “çox dövlət, bir millət” anlayışına uyğunlaşdırılmasının qarşıda duran mühüm vəzifələrdən biri olduğunu qeyd edən məruzəçi bildirib ki, məsələnin bu şəkildə qoyulmasının əsas məqsədi türk xalqlarının ədəbiyyat tarixinin müəyyən dövrlərinin tədrisi zamanı yerli coğrafiyadan ayrılaraq vahid mədəniyyət məkanını əhatə edən ümumi tədris konsepsiyasının müəyyənləşdirilməsidir.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Professor Mətanət Abdullayeva məruzə üçün seçilmiş mövzunun mühüm aktuallıq daşıdığını vurğulayıb, vacib problemlərə toxunduğu üçün müəllifə təşəkkürünü bildirib.
Kafedranın müəllimi Sevinc Abdullayeva, “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva məruzədə qeyd olunan məsələlərin əhatəliliyini yüksək qiymətləndirib, onların ədəbiyyatşünaslığımızın inkişafı və türk xalqları arasında bu istiqamətdə elmi-pedaqoji və ədəbi əlaqələrin qurulması baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Sonra məruzəçiyə suallar ünvanlanıb, iştirakçılarla birlikdə fikir mübadiləsi aparılıb. Seminar müzakirələrlə yekunlaşıb.