Dosent Mətanət Oruc qızı Həsənova - 60
Uzun müddət bir müəssisədə − Bakı Dövlət Universitetində çalışdığım mehriban dost, gözəl alim, qayğıkeş ana Mətanət xanım haqqında layiq olduğu xoş sözləri qələmə almağı özüm üçün şərəfli bir iş sayıram. Elə insanlar var ki, onlar haqqında fikir söyləmək, hər hansı bir söz demək çətin olur. Şərəfli həyat yoluna, cəmiyyətdəki mövqeyinə, mərdliyinə, sədaqətli dostluğuna görə Mətanət xanım çox sevdiyim insandır. Onu əhatə edənlərin fəaliyyətinə qiymət vermək bacarığına, heç kəsin kölgəsində sərinlənmək istəməməsinə, öz zəhməti ilə və fərdi keyfiyyətlərinə güvənməsinə, hər kəsdən fərqləndiyinə görə əziz dostum barəsində yazmaq məsuliyyət tələb edir. Onun qayğıkeşliyi, işgüzarlığı başqalarına nümunə ola bilər. Mətanət xanım − adı kimi mətanətli xanım, çətin günün etibarlı dostudur. Çox ciddi və tələbkar müəllimdir.
Müəllimlik müqəddəsdir. Hər bir şəxsin müəllimə, yol göstərənə ehtiyacı vardır. İlk insan və ilk Peyğəmbər olan Adəm (ə) və sonuncu İslam Peyğəmbəri Məhəmməd Peyğəmbərdən (s.ə.s.) başqa hər kəs müəllimdən dərs almışdır, bəhrələnmişdir. Müəllimliyin başlanğıcı səma və ərşlə bağlıdır.
Mətanət xanım müəllimlik peşəsini yüksək səviyyədə icra edir. Özü savadlı, məsuliyyətli olduğu kimi, bütün tələbələrindən də bunu tələb edir. Onun yazdığı dərsliklər, dərs vəsaitləri, tədris-metodiki vəsaitlər, elmi məqalələr hər zaman aktual olmuşdur. Eyni zamanda magistratura səviyyəsi üçün iki fənn proqramı hazırlamışdır. Mətanət xanımın elmi, pedaqoji və ictimai fəaliyyəti ona böyük hörmət qazandırmışdır. O, çalışdığı hər sahədə öz sözünü deməyi bacarmış, dəyərli məsləhətləri, yüksək elmi səviyyəsi, geniş erudisiyası ilə hər kəsin rəğbətini qazanmışdır.
Mətanət xanım işinin öhdəsindən hər zaman layiqincə gəlir. Onu sevdirən cəhətlərdən biri də Azərbaycan ədəbiyyatının vurğunu olmasıdır. AYB-nin üzvü olan M.Həsənova iştirak etdiyi beynəlxalq və respublika səviyyəli elmi konfranslarda öz çıxışları ilə həmişə alqışlarla qarşılanmışdır. Filologiya fakültəsində keçirdiyi çox sayda tədbirlər müəllim və tələbələrin böyük sevincinə səbəb olmuşdur.
Dosent M.Həsənova BDU-nun Filologiya, Şərqşünaslıq fakültələrinin bakalavriat səviyyəsində ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, XIX əsr Azərbaycan ədəbiyyatı, magistratura səviyyəsində isə romantizm ədəbi cərəyanı fənlərini tədris edir. Onun tədqiqat sahəsi XIX əsr Azərbaycan maarifçiliyində milli özünüdərk məsələsi, XX əsr tənqidi realistlərinin yaradıcılığında nəzəri problemlərdir. Çağdaş yazıçılarımızın yaradıcılığından bəhs edən məqalələri çoxdur.
Həsənova Mətanət Oruc qızı (Saraçlı) 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Daşarx kəndində anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən BDU-da çalışır. 2000-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosentidir.
İlk kitabı 1999-cu ildə “Yazıçı” nəşriyyatı tərəfindən çapdan çıxan “Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı” adlı monoqrafiyasıdır. Həmin ildə nəşr olunan ikinci kitabı “Hüseyn Arif yaradıcılığında həyat-insan problemi” adlı dərs vəsaitidir. 2007-ci ildə Təhsil Nazirliyinin qrifi ilə “Naxçıvan ədəbi mühitindən... (XIX-XX əsr)” adlı dərs vəsaiti işıq üzü görmüşdür.
Dördüncü kitabı BDU-nun mərhum professoru Qara Namazovun həyat və fəaliyyət yoluna güzgü tutan “Dağ cığırından başlanan yol” (2011) adlanır. 2016-cı ildə professor Sənan İbrahimovla birgə müəllifin beşinci kitabı ali məktəblər üçün dərslik kimi nəzərdə tutulan “Azərbaycanda ədəbiyyatının tədrisi tarixi”dir.
2019-cu ildə isə müəllifin iki kitabı nəşr olunmuşdur: “Romantizm ədəbi cərəyanı” dərs vəsaiti və “Nəzəri fikrin işığında” kitabı. Sonuncu kitabı müəllifin sayca yeddinci kitabıdır. Ali məktəbin magistratura səviyyəsi üçün yardımçı vəsait kimi nəzərdə tutulmuşdur.
Əziz bacım, dostum Mətanət xanıma cansağlığı, uzun ömür, uğurlar arzulayıram! Tanrı Sizi qorusun! 60 yaşınız mübarək!
YEGANƏ İSMAYILOVA
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi
kafedrasının professoru, filologiya üzrə elmlər doktoru