Dosent Mətanət Həsənovanın elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Mətanət Oruc qızı Həsənova “Azərbaycan maarifçiliyi və milli özünüdərk” mövzusunda elmi seminar keçirib. Seminarda kafedranın əməkdaşları və magistrantları iştirak ediblər.
M.Həsənova məruzəsində Azərbaycan ədəbiyyatında realizm ədəbi metodunun və cərəyanının formalaşma tarixi və inkişafı haqqında məlumat verərək görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevin “Realizm: sənət və həqiqət” tədqiqatına istinadən realizmin mərhələ təsnifatı, Azərbaycan ədəbiyyatında maarifçi realizm problemi haqqında bəhs edib, maarifçiliyin milli şüurun oyanmasında rolunu konkret misallarla əsaslandırılıb. Həmçinin M.F.Axundzadə, H.Zərdabi, M.Şaxtaxtlı, M.Topçubaşov və başqa maarifçilərin Azərbaycan xalqının hümmətçilikdən millətçiliyə keçid etməsində böyük xidmətləri diqqətə çatdırılıb. Sosialist realizmi mərhələsinin Azərbaycan ədəbiyyatının inkişafına mənfi təsiri və yaratdığı çətinliklər haqqında da məlumat verilib.
Professor Yeganə İsmayılova, dosent Məti Bayramlı, dosent İradə Rəhmanova, fil.ü.f.d. Sevinc Abdullayeva çıxış edərək mövzunun aktuallığını, elmi əhəmiyyətini yüksək dəyərləndirib, maraqlı və ətraflı məruzə üçün Mətanət xanıma təşəkkür ediblər.
Çıxışlar bitdikdən sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, təəssüratlarını bölüşüblər.