Dosent Mətanət Həsənovanın açıq dərsi
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mətanət Oruc qızı Həsənovanın Filologiya fakültəsinin bakalavr səviyyəsinin II kurs, FL-173-cü qrupunda “XIX əsr Azərbaycan ədəbiyyatı” fənni üzrə “Nəcəf bəy Vəzirovun həyatı və yaradıcılığı: dramaturgiyası” mövzusunda açıq dərsi keçirilib. Dərsdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professor-müəllim heyəti iştirak edib.
Dərs müasir tələblərə uyğun aparılıb. Məşğələ frontal sorğu ilə başlanılıb və tələbələrə “Nəcəf bəy Vəzirov yaradıcılığının əsas mərhələləri”, “faciə janrının yaranması”, “N.Vəzirov pyeslərinin problematikası”, “N.Vəzirov dramaturgiyasının obrazlar aləmi”, “N.Vəzirov dramaturgiyasında “atalar və oğullar” problemi” ilə bağlı suallar verilib.
Tələbələr dramaturqun əldə olmayan dram əsərləri, ilk qələm təcrübələri haqqında məlumat veriblər, “Sonrakı peşmançılıq fayda verməz”, “Daldan atılan daş topuğa dəyər”, “Müsibəti-Fəxrəddin”, “Təzə əsrin ibtidası” və b. pyeslərini müasir baxış bucağından təhlil ediblər. Müəllim məşğələdə tələbələrin aktivliyini və dərs prosesinin dinamikliyini təmin etmək üçün mövzu ətrafında elmi diskussiyaya geniş şərait yaradıb və bu da elmi-nəzəri məlumatların daha ətraflı idrak olunmasında önəmli strategiya olub. Tələbələrdən Nazilə Alıyeva, Günay Əsgərova, Dəniz Məmmədli, Günay Məmmədova, Aysun Nuri xüsusi fəallıq nümayiş etdiriblər.
Dərsdə texniki vasitələrdən, 90 dəqiqəni müşayiət edən, mövzuya uyğun təqdimatlardan, videomateriallardan istifadə edilib.
Dərsin sonunda Mətanət Həsənova çıxış edən və aktivlik nümayiş etdirən tələbələri qiymətləndirib. Müəllim növbəti məşğələ dərsinin mövzusu ilə bağlı tapşırıqlarını verməklə dərsi yekunlaşdırıb.
Mətanət Həsənovanın açıq dərsi kafedranın iclasında müzakirə olunaraq elmi-nəzəri və metodiki baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.