Dosent Məhəmməd Məmmədovun elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Türk dastanlarında alp ərənlikdən qazi ərənliyə” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və magistranları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova mövzu barəsində danışaraq, qədim türk ərənləri ilə 44 günlük Vətən müharibəsində şücaət göstərən igidləri müqayisə edib: “Vətənpərvərlik xalqımızın qan yaddaşını səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətlərindəndir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı”.
Mövzu üzrə məruzə edən kafedranın dosenti Məhəmməd Məmmədov “qazilik” sözünün etimologiyası barəsində məlumat verib: “Qazilik alplığın ən yüksək şərəf zirvəsidir, göstəricidir. Ən əski çağlardan cahana hakim olmağı özlərinə məqsəd edən türklər islamiyyəti mənimsədikdən sonra islamiyyət ilə öz mədəniyyətləri arasında ən önəmlisi əski türk dastanlarında ucalan alp tipinin qazi tipinə gəlməsidir”.
Məruzəçi alplığı türk etnik-mədəni sistemində savaş mədəniyyətinin dəyər kateqoriyası kimi səciyyələndirərək qəhrəmanlıq dastanlarındakı alp tipini iki qrupda xarakterizə edib: “1. Böyük dövlət qurmaq idealları ilə yaşayan Alp bahadırlar ( Oğuz xaqan,” Alp ər Tonqa” kimi dastanlarda cahangirlik və cahan hakimiyyəti məfkurəsi ulə dövlət qurmaq istəyən alp bahadırlar); 2. Torpağı düşmənlənlər tərəfindən işğala uğramış qəhrəmanların xalqını əsarətdən qurtarmaq və uğradığı haqsızlığa qarşı mübarizə aparmaq eşqi ilə qəhrəmanlıq göstərən bahadırlar ( “Manas”, “Koroğlu”)”.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında çıxışlar edilib. Seminar müzakirələrlə yekunlaşıb.