Dosent Məhbubə Qurbanova Cəfər Cabbarlının 125 illiyinə həsr olunmuş kitab təqdimatında iştirak edib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və bədii irsinin təbliği məqsədi ilə yazıçının müxtəlif bədii janrlarda yaratdığı əsərlərdən ibarət “Seçilmiş əsərləri” adlı kitabın və sənətkarın həyat və yaradıcılığı haqqında bir sıra maraqlı məlumatların toplandığı “Böyük sənət fədaisi” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, Cəfər Cabbarlı adına Ev-Muzeyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, redaktor-tərcüməçi Bəhlul Abbasov, Cəfər Cabbarlının Xızıda yerləşən Ev Muzeyinin direktoru Həcər Rəsulova, yazıçı – publisist Nəzakət Əhmədova, elm, mədəniyyət, ədəbiyyat, təhsil və mətbuat sahəsinin nümayəndələri iştirak edib.
Təqdimatda çıxış edən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova pedaqoji fəaliyyətində dramaturqun yaradıcılığına daim müraciət etdiyini, bir insanın obrazında bu qədər çalarların, istedadların vəhdət təşkil etdiyini – Cəfər Cabbarlının görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor olduğunu bildirdi. Ön söz müəllifi Qəmər Seyfəddinqızı olan “Böyük sənət fədaisi” adlı kitabçada oxucuların böyük yazıçı və dramaturq Cəfər Cabbarlının həyatının önəmli məqamları, eləcə də yaradıcılığının müxtəlif dövrlərində yaşanan və yaxın zamanadək oxuculara naməlum qalan bir sıra ziddiyyətli, tarixi anları ilə tanış olacağınından, xüsusən Sovet dönəmində ədibin oxuculara qadağan olunmuş İstiqlal yaradıcılığı və həyatının gizli saxlanan qaranlıq səhifələri haqqında maraqlı məlumatlar əldə etmələrindən böyük məmnunluq duyduğunu dilə gətirib.