Dosent Könül Həsənovanın açıq dərsi
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Könül Kamil qızı Həsənovanın Filologiya fakültəsinin bakalavr səviyyəsinin I kurs, FL-184-cü qrupunda “Azərbaycan şifahi xalq ədəbiyyatı” fənni üzrə “Məhəbbət dastanları” mövzusunda açıq dərsi keçirilib. Dərsdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professor-müəllim heyəti iştirak edib.
Dərs müasir tələblərə uyğun aparılıb. Məşğələ frontal sorğu ilə başlanılıb və tələbələrə “məhəbbət dastanlarının tədqiq, nəşr tarixi”, “süjet xəttinin mərhələləri”, “butanın simvolik anlamı”, “qarı, çoban, vəzir, hami obrazları”, “insasiya mərasimi” ilə bağlı suallar verilib.
Tələbələr “Əsli və Kərəm”, “Qurbani”, “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Tahir və Zöhrə” dastanlarının tədqiqi və obrazlar sistemindən dərs danışıblar. Müəllim məşğələdə tələbələrin aktivliyini və dərs prosesinin dinamikliyini təmin etmək üçün mövzu ətrafında elmi diskussiyaya geniş şərait yaradıb və bu da elmi-nəzəri məlumatların daha ətraflı idrak olunmasında önəmli strategiya olub. Tələbələrdən Aysu Şükürova, Nərmin Əliyeva, Fatimə Niftəliyeva, Sultan Əsədli, Səbinə İmanlı, Şəbnəm İbrahimzadə, Ayişən Şükürova, Nəzrin Səvdimalıyeva, Reyhan Abullazadə, Məryəm Şəbiyeva, Gülnur Alışlı, Nərmin Camalova xüsusi fəallıq nümayiş etdiriblər. I kurs, Fl-188-ci qrupun tələbəsi Radiq Rüstəmli sazda dastanlarla bağlı aşıq havalarını ifa etməklə dərsi daha da maraqlı edib.
Dərsdə texniki vasitələrdən, 90 dəqiqəni müşayiət edən, mövzuya uyğun slayddan, videomateriallardan istifadə edilib.
Dərsin sonunda Könül Həsənova dərs danışan və aktiv tələbələri qiymətləndirib. Müəllim növbəti məşğələnin tapşırıqlarını verməklə dərsi yekunlaşdırıb.
Könül Həsənovanın açıq dərsi kafedranın iclasında müzakirə olunaraq elmi-nəzəri və metodiki baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.