Dosent Kəmalə İslamzadə açıq dərs aparıb
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Faiq qızı İslamzadənin Filologiya fakültəsi bakalavr səviyyəsinin I kurs Fl-185 qrupunda “Azərbaycan şifahi xalq ədəbiyyatı” fənni üzrə “Kitabi-Dədə Qorqud” dastanı. Nəşr və tədqiq tarixi. “Kitabi-Dədə Qorqud” dastanının obrazları” mövzusunda açıq məşğələ dərsi keçirilib. Dərsdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, prof. Ülkər Nəbiyeva, müəllim fil.f.d. Ramiyə İskəndərzadə, Türkiyədən təcrübə keçmək üçün BDU-ya ezam olunmuş və həmin kafedraya təhkim edilmiş doktorant Münəvvər Yavuz iştirak ediblər.
Dərs müasir tələblərə uyğun aparılıb. Məşğələ frontal sorğu ilə başlanılıb və müəllim tərəfindən tələbələrə “dastanın əlyazmasının hansı əsrə aid olması və katibi”, “hansı Avropa dillərinə tərcümə edilməsi”, “Berlin nüsxəsi ətrafındakı mübahisələr”, “dastanda tarixi hadisələrlə səsləşən məqamlar” ilə bağlı suallar verilib. Tələbələr də müəllimə mövzu ilə əlaqəli başa düşmədikləri məqamlardan suallar ünvanlayıblar. Kəmalə İslamzadə onların suallarını ətraflı cavablandırdıqdan sonra dərs soruşmaq mərhələsinə keçib.
Tələbələrdən Ayşəm Ələkbərova “Dastanın nəşri və tədqiqi tarixi”, Türkan Aslanova “Dədə Qorqud obrazının funksiyaları”, Səadət Süleymanlı «“Basatın Təpəgözü öldürdüyü” boyda Təpəgöz obrazı», Aydan Məmmədquliyeva “Basat obrazı”, Nigar Şəfiyeva “Qazan xanın xarakteristikası”, Leyla Hüseynova “Uruz obrazı və gənc oğuz bəyləri”, Həlilə Həsənova “adın obrazları”, Nəzakət Mahmudova «“Dirsə xan oğlu Buğac boyu”nda ata-oğul konflikti», Aysu İsmayılova “Bamsı Beyrək surəti” mövzularında dərs danışıblar.
Müəllim məşğələdə tələbələrin aktivliyini və dərs prosesinin dinamikliyini təmin etmək üçün mövzu ətrafında elmi diskussiyaya geniş şərait yaradıb və bu da elmi-nəzəri məlumatların daha ətraflı idrak edilməsində önəmli strategiya olub.
Dərsdə texniki vasitələrdən, 90 dəqiqəni müşayiət edən, mövzuya uyğun slayddan, videomateriallardan istifadə edilib. Sonda Kəmalə İslamzadə dərs danışan və xüsusi fəallığı ilə seçilən tələbələri cavablarına müvafiq surətdə qiymətləndirib. Müəllim növbəti məşğələnin tapşırıqlarını verməklə dərsi yekunlaşdırıb.
Dosent Kəmalə İslamzadənin açıq dərsi kafedranın iclasında müzakirə olunaraq elmi-nəzəri və metodiki baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.