Dosent Kəmalə İslamzadə açıq dərs aparıb
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Faiq qızı İslamzadənin Filologiya fakültəsi bakalavr səviyyəsinin IV kurs “FL149” qrupunda «Azərbaycan mifologiyası» fənni üzrə «Mifoloji Ulu Ana obrazı və onun variasıyaları (Umay və s.)» mövzusunda açıq məşğələ dərsi keçirilib. Dərsdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosentləri - Məhəmməd Məmmədov və Könül Həsənova iştirak ediblər.
Dərs müasir tələblərə uyğun aparılıb. Məşğələ frontal sorğu ilə başlanılıb və müəllim tərəfindən tələbələrə “mifoloji və tarixi zaman”, “su stixiyası”, “Ulu Ananın funksiyaları”, “qarı obrazı” ilə bağlı suallar verilib. Tələbələr də müəllimə mövzu ilə bağlı başa düşmədikləri məqamlardan suallar ünvanlayıblar. Kəmalə İslamzadə onların suallarını ətraflı cavablandırdıqdan sonra dərs soruşmaq mərhələsinə keçib. Tələbələrdən Yusifova Fatimə “Ulu Ana kompleksi və onun variasiyaları”, Nərmin Rzayeva “Ulu Ana obrazının funksiyaları və simvolları”, Aynur Cəfərova “Hal Anası və onun fiziki xüsusiyyətləri”, Rahilə Ağayeva “Türk xalqlarında Hal anası inancları”, Müqəddəs Salahova isə “Ötüken və onun toponimikası, mədəni və tarixi rolu, şamanizmdəki funksiyası” mövzularında dərs danışıblar.
Müəllim məşğələdə tələbələrin aktivliyini və dərs prosesinin dinamikliyini təmin etmək üçün mövzu ətrafında elmi diskussiyaya geniş şərait yaradıb və bu da elmi-nəzəri məlimatların daha ətraflı idrak olunmasında önəmli strategiya olub.
Dərsdə texniki vasitələrdən, 90 dəqiqəni müşayiət edən, mövzuya uyğun slayddan, video materiallardan istifadə edilib.
Dərsin sonunda Kəmalə İslamzadə dərs danışan və xüsusi fəallığı ilə seçilən tələbələri qiymətləndirib. Müəllim növbəti məşğələnin tapşırıqlarını verməklə dərsi yekunlaşdırıb.
Dosent Kəmalə İslamzadənin açıq dərsi kafedranın iclasında müzakirə olunaraq elmi-nəzəri və metodiki baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.