Dosent Jalə Hüseynovanın elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında “Dramaturgiyada maarifçi ziyalı obrazların dövrün ictimai-əxlaqi problemlərinə münasibəti” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda kafedranın professor-müəllim heyəti və magistrantları, “Dədə Qorqud” ETL-in əməkdaşıları iştirak edib.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Jalə Firidun qızı Hüseynova Azərbaycan dramaturgiyasının görkəmli sənətkarlarının yaradıcılığının mütəmadi olaraq tədqiq olunduğunu, müxtəlif dövrlərdə bu mövzuya fərqli aspektlərdən yanaşıldığını qeyd edib, onların yaratdığı maarifçi ziyalı obrazların təhlilinin müasir dövrdə də aktual olduğunu bildirib.
Məruzədə cəhalət girdabında boğulan cəmiyyəti qəflət yuxusundan oyatmağa, Hacı Nurudan (“Hekayəti-molla İbrahimxəlil kimyagər”) Kefli İskəndərə (“Ölülər”) qədər müəyyən inkişaf yolu keçən maarifçi obrazlar vasitəsi ilə xalqın maariflənməsinə çalışan M.F.Axundzadə, N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov kimi sənətkarların dramaturji əsərlərində dövrün ictimai-əxlaqi problemləri müasir baxış bucağından geniş təhlil olunub.
Məruzədən sonra mövzu ətrafında müzakirə aparılıb, J.Hüseynova iştirakçıların suallarını cavablandırıb.