Dosent İradə Şəmsizadənin Hazırlıq sektorunda açıq dərsi
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti İradə Şəmsizadənin Hazırlıq sektorunda xarici tələbələrə “Vasitəli və vasitəsiz nitq, şifahi nitqin inkişafı” mövzusunda açıq dərsi keçirilib. Açıq dərsdə kafedra müdiri, professor Mətanət Abdullayeva, dosentlər – Məhbubə Qurbanova və Şəlalə Abdullayeva, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova və Hazırlıq sektorunun baş metodisti N.Rzayeva iştirak ediblər.
Müəllim məşğələ dərsini jurnalı yoxlamaqla başlayaraq frontal sorğu aparıb. Dərsdə Əzizə Cəfərzadənin “Gözəl təşəbbüs” dinləmə mətni səsləndirildikdən sonra, tələbələr dinlədikləri hekayəni aydın, ardıcıl şəkildə danışıblar. Düzgün tələffüz olunmayan sözlər müəllim tərəfindən tələbələrə izah izah olunub.
Dərsdə diqqəti çəkən maraqlı məqamlardan biri də əcnəbi tələbələrin mətndə adları çəkilən Azərbaycanın tanınmış şairlərindən M.Ə.Sabirin “Məktəbə çağırış”, A.Səhhətin “Vətən”, Abdulla Şaiqin “Bülbül”, rus yazıçılarından Krılovun “Ayı və şir” təmsili, N.Gəncəvinin “Ay üzlü Nigarım”, A.Ələsgərin “Düşdü”, C.Cabbarlının “Türk sağ ikən”, sonda isə G.Hüseynoğlunun “Ana dili” mənsur şeirlərini əzbər söyləmələri olub.
Ümumilikdə tələbələrin hamısı dərsdə fəal iştirak edərək, suallara doğru cavab veriblər. Açıq dərsdə nəzərdə tutulan “Məmləkətim” mövzusunda müxtəlif slaydlar təqdim olunub.
Dərsdə iştirak edən müəllimlər dərsi müzakirə edərək tədris prosesini bəyəndiklərini, əcnəbi tələbələrin nitqi və Azərbaycan ədəbiyyatına olan marağını yüksək qiymətləndiriblər.