Dosent Fikrət Şiriyevin “Azərbaycan dilinin mənşəcə lüğət tərkibi” mövzusunda açıq dərsi
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fikrət Abuzər oğlu Şiriyevin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə II kurs, 173 və 174-cü qruplarında “Müasir Azərbaycan dilinin leksikologiyası” fənni üzrə “Azərbaycan dilinin mənşəcə lüğət tərkibi” mövzusunda açıq dərsi keçirilib. Açıq dərsdə kafedra müdiri, professor Tofiq Hacıyev, professor Zemfira Şahbazova, dosent Fikrət Əlizadə, baş laborant Nərmin Abdulhüseynli iştirak ediblər.
F.A.Şiriyev əvvəl ötən dərs barədə qısa xatırlama etdikdən sonra bu gün maraqlı bir mövzu ilə əlaqədar - dilimizin lüğət tərkibinin mənşəyi haqqında danışılacağını və bu məsələnin Azərbaycan dilçiliyində kifayət qədər araşdırıldığı, lakin mübahisəli məsələlərin hələ də qaldığını bildirib. Azərbaycan dilinin ayrı-ayrı ictimai-siyasi hadisələrin, hərbi müdaxilələrin nəticəsində müxtəlif dil ailələrinə məxsus sözlərlə zənginləşdirilməsini əyani nümayiş etdirmək üçün ekranda ölkəmizin xəritəsi göstərilib, onun yerləşdiyi coğrafi ərazinin qərbdən şərqə, şimaldan cənuba və əks istiqamətlərdə bütün xətlərin kəsişdiyi nöqtədə yerləşməsinin bu məsələdə həlledici rolu izah edilib. Bu amilin Azərbaycan dilinə yunan və sanskrit, monqol və ərəb, fars və rus da daxil olmaqla 50-yə yaxın dildən sözlərin daxil olması ilə nəticələndiyi şərh edilmişdir. Həmçinin göstərilən slaydlarla dilimizdə üstünlük təşkil edən, Türk dillərinin müştərək ümumi fonduna daxil olan, həmçinin yalnız Azərbaycan dilinə məxsus olan söz və ifadələrin müqayisəsi, xüsusiyyətləri, fərqli və ümumi cəhətləri izah olunub Sonra ədəbi dil leksikasının ikinci qolunu təşkil edən alınma sözlər, onların mənşəyi, xüsusiyyətləri, dilimizə uyğunlaşarkən keçdiyi mərhələlər və proseslər haqda danışılıb, slaydlarda nümayiş etdirilən cədvəllər və şəkillərlə müxtəlif dillərdən gələn sözlərin dəyişməsi izah edilib. Tələbələr tərəfindən maraqla qarşılanan mühazirədə həmçinin dillərin qarşılıqlı əlaqə və təsiri, sozalma və sözvermə prosesi, dildaxili və dilxarici səbəblər, birbaşa, vasitəli, təkrar-qayıdış, ikili sozalma, alınmaların növləri, dünya dillərinə ən çox sözverən dillər, internasionalizmlər, regionalizmlər, ekzotizmlər, purizm meyli və digər əlaqədar məsələlər haqqında nümunələrlə məlumat verilib. Dərsin sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb.
Kafedra iclasında Fikrət Şiriyevin açıq dərsi geniş müzakirə edilib, elmi səviyyəsinə və metodik xüsusiyyətlərinə görə yüksək qiymətləndirilib.