Dosent Elvira Heydərovanın elmi seminarı
Dekabrın 12-də Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasında “Azərbaycandakı rus şivələrinin metaforaları” adlı elmi seminar keçirilib. Mövzu ilə bağlı kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Elvira Heydərova çıxış edib.
Elmi seminarda Azərbaycandakı rus şivələrinin metaforik nominasiyalar təqdim edilib. Belə tədqiqata səbəb son illərdə metaforaya nominasiya vasitəsi kimi baxılması olub. Buna əsasən, dialekt daşıyıcılarının dünyanın dil mənzərəsinin formalaşmasında metaforanın rolunu öyrənmək vacibdir. İşin məqsədi - biomorfik, əşya, sosial, teomorfik, mifoloji, geomorfik, rəng və qida metaforalarını müəyyənləşdirmək və təhlil etməkdir. Tədqiqat prosesində empirik üsullardan, həmçinin əldə olunmuş məlumatların statistik təhlili metodundan istifadə edilib. Tədqiqatın materialı qismində “Azərbaycandakı rus şivələrinin leksikonu” seçilib.
Tədqiqatın yeniliyi onunla müəyyənləşir ki, təqdim olunan metaforik nominasiyalar ilk dəfə olaraq tədqiq edilir. Tədqiqatın praktik əhəmiyyəti alınan nəticələrini linqvokulturologiya, rus dialektologiyası, leksikologiya üzrə xüsusi kurslarında tətbiqi imkanı ilə bağlıdır. Təhlil zamanı Azərbaycandakı rus şivələrinin lüğət tərkibində 94 metaforik köçürmə müəyyən edilib. Aparılan tədqiqat göstərir ki, metafora yaratmaq üçün ən çоx biomorfik sahəsindən istifadə olunur. Metaforizasiya mənbəyi kimi nəinki ana dili, hətta alınmış sözlər çıxış edir. Metaforik köçürmə əhval-ruhiyyə, müsbət və ya mənfi qiymətləndirməni əks etdirən ekspressiya ilə səciyyələnə bilər. Beləliklə, metaforalar vasitəsi ilə şivə daşıyıcılarının şüurunda real mühitin əks etdirilməsini və dildə məcazi mənada ifadə olunmasını görmək olar.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında çıxışlar edilib.