Dosent Eldar Kərimovun elmi seminarı baş tutub
BDU-nun Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında “Tələbələrə rus dilini xarici dil kimi tədris edən distant dərslərin optimallaşması məsələləri” mövzusunda elmi seminar keçirilib.
Açılış nitq ilə çıxış edən kafedra müdiri dosent Tahir Əliyev bildirib ki, son illər distant təhsilə keçid təhsilin məzmununda müəyyən dəyişikliklərə səbəb olub. Qarşıya çıxan problemlərin həllinə dəstək vermək üçün kafedranın təşəbbüsü ilə rus dilinin tədrisi ilə bağlı müxtəlif elmi seminarlar keçirilir. Bu baxımdan, Eldar Kərimovun təqdim etdiyi mövzu aktuallıq kəsb edir.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Eldar Kərimovun çıxışında əyani formadan distant təhsil formasına keçidlə bağlı tədris prosesində baş verən dəyişikliklər və ortaya çıxan problemlər təhlil edilib. Məruzəçi bildirib ki, “Microsoft Teams” platformasında məsafədən tədris, həmçinin “Blackboard Learn” plarformasında dərslərin təşkili qarşılıqlı öyrənmə prosesində optimallaşmanı zəruriləşdirir. Qeyd olunub ki, yaranan əsas çətinliklər internetin bəzi bölgələrdə zəif olması və texniki məsələlərlə bağlıdır. Bütün bunlara baxmayaraq, “Blackboard Learn” plarforması optimal şəkildə istifadə edilir, mühüm faydaları vardır.
Seminar müzakirələrlə yekunlaşıb.