Dosent Asifə Əliyevanın açıq dərsi
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Asifə Telman qızı Əliyevanın Biologiya fakültəsinin “Biologiya müəllimliyi” ixtisası üzrə I kurs, “İ198” qrupunda “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən “Məktublar epistolyar üslubun əsas növü kimi. Elektron işgüzar kommunikasiya (EİK)” mövzusunda açıq dərsi keçirilib. Dərsdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva, dosent Sultan Seyidova, dosent Səidə Abbasova, müəllimlər Aytəkin Mirzəyeva və Şəhla Hüseynova iştirak ediblər.
Dərsin əvvəlində fənn müəllimi Asifə Telman qızı Əliyeva tələbələrin dərsə davamiyyətini yoxlayıb və yeni mövzunun məqsədini izah edib. Mövzu haqqında mühüm məqamları diqqətə çatdıran müəllim qeyd edib ki, “Məktublar epistolyar üslubun ən qədim və geniş yayılmış növlərindən biridir. Qədim zamanlarda məktubları göndərmək üçün hətta quşlardan (əsasən göyərçinlərdən) istifadə olunmuşdur. Sonra müxtəlif nəqliyyat vasitələri ilə xüsusi çaparlar məktubları ünvanlarına çatdırmışlar. Karvansaralarda dayanan çaparlar atlarını dəyişir və yollarına davam edirdilər. Bir ölkədən başqa bir ölkəyə “qasid” və ya “elçi “ adı ilə şəxslər göndərilir, onlar hökmdarlarının sözlərini, tələb və təkliflərini ya şifahi, ya da yazılı şəkildə-məktub formasında təqdim edirdilər. Onlar məktubların müxtəlif cür təsnifatını nümayiş etdirdilər”.
Daha sonra fənn müəllimi mövzu üzrə elmi baza və praktiki bilikləri tələbələrə təqdim edib və onları müzakirəyə cəlb edib. Dərs zaman tələbələr mövzu ilə bağlı əldə etdikləri bilikləri elmi yanaşma və təhlillərlə təqdim etməklə yanaşı, dərsin mahiyyətini hazırladıqları slaydları əsasında izah ediblər. Tələbələrdən Abdullayeva Ofelya, Aslanlı Fidan, Xəlilov Cəbrayıl, Əliyeva Nurcahan, Rufullayeva Nuranə, Quliyeva Nərmin, Şirinova Sevgi, Əhmədli Dilşad, və digərləri hazırladıqları təqdimatlarla çıxış etdilər. Bu məktubların formaca bir-birinə bənzəsə də, onlar arasında müəyyən fərqlərin mövcud olduğunu vurğuladılar. Daha sonra ədəbi məktublar və məişət məktubları qeyri-rəsmi məktublardan söz açdılar.
Sonda kafedra müdiri, professor İlhamə Hacıyeva çıxış edərək, dərsdə müasir təlim metodlarından səmərəli istifadə olunmaqla tələbələrə nəzəri biliklərlə yanaşı, praktik vərdişlərin də aşılanmasını xüsusi vurğulayıb. Tələbələrin mövzu ilə bağlı dərin hazırlığı, İKT imkanlarından düzgün istifadəsi və məktubların hazırlanmasında elektron işgüzar kommunikasiyadan isifadə zamanı dəqiqliyə, yazı etikasına riayət olunmasına dair fikirləri dərsin müsbət tərəflərindən biri kimi qiymətləndirilib.