Dosent Afaq Məmmədovanın “Türkologiyaya giriş” fənnindən açıq dərsi
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə III kurs Fl-144, 145, 146 qruplarında Türkologiya kafedrasının dosenti Afaq Məmmədovanın “Türkologiyaya giriş” fənnindən açıq mühazirə dərsi keçirilib. Açıq dərsdə Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, həmin kafedranın dosentləri Sevda Sadıqova və Kəmalə Nəcəfova, fakültə TEC-nin üzvləri iştirak ediblər.
Sibirdə yaşayan türk xalqlarına həsr olunmuş mühazirədə Saxa (yakut), Tuva, Altay, xakas, şor, tofalar, Çulum və Baraba tatarları haqqında geniş məlumat verilib. Bu ərazilərdə yaşayan türk xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, mətbəxi, dilləri (bəzi türk xalqlarının ruslar tərəfindən tamamilə assimilyasiya olunduğu) slaydlar (xəritə, video və şəkillər) vasitəsilə nümayiş olunub. Sibirdə yaşayan türk xalqlarının həyatında tenqrilik və şamanlığın (qam) xüsusi bir yeri olduğu vurğulanıb, həmçinin bu ərazidə yaşayan türk xalqlarının musiqi alətlərindən ağız qopuzu, mətbəxlərindən qan kolbasa, stroqanina (nazik doğranmış çiy balıq, çiy ciyər) barəsində maraqlı məlumatlar təqdim olunub.
Sonda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov və kafedranın dosentləri Sevda Sadıqova, Kəmalə Nəcəfova mühazirənin gedişatı ilə bağlı fikirlərini bölüşüblər.