“Dilin sosial diferensiallaşması” adlı elmi seminar
BDU-nun Filologiya fakültəsində Ümumi dilçilik kafedrasının təşəbbüsü ilə “Dilin sosial diferensiallaşması” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Ümumi dilçilik kafedrasının müəllimi, Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov bildirib ki, dilin sosial diferensiallaşması ilə bağlı tədqiqatlar müasir dövrdə diqqəti daha çox cəlb etsə də, bu barədə əvvəlki dövrlərdə də dilçilərin maraqlı fikirləri olub, onlar məsələlərə müxtəlif aspektdən yanaşıblar. Ümumilikdə, aparılan araşdırmalara nəzər yetirdikdə aydın olur ki, dilin sosial diferensiallaşması probleminə aid tədqiqlərə həm dünya dilçiliyində, həm də Azərbaycan dilçiliyində müraciət edilir. Bu problemin geniş tədqiq dövrü XX əsrdən başlanır. Dilin sosial diferensiallaşmasına təsir edən bir neçə amil vardır ki, onlardan bəzilərinin, xüsusilə mədəniyyətin, iqtisadiyyatın, internetin təsirini daha çox qabartmaq mümkündür. Bu cəhətdən dilin sosial diferensiallaşması problemi ümumilikdə cəmiyyətin müxtəlif sosial tərəfləri ilə bağlıdır. Dil və cəmiyyətin qarşılıqlı əlaqəsi, bu əlaqələrə cəmiyyətin və ya hər hansı sosial qrupun uyğunlaşması sosiolinqvistik baxımından aktual problemlərdən biridir. Bu məsələnin öyrənilməsi də müxtəlif metodlar tələb edir.
Məruzəçi qeyd edib ki, dilin müxtəlif səviyyələrində sosiodialektlərin əhəmiyyətini qabardıb, cəmiyyətin tələblərinə uyğun dilin sosial qruplar üzrə statusunu formalaşdırmaq olar. Dilin sosial diferensiallaşması probleminin öyrənilməsi dildə sosial dialektlərin səneyləşmiş cəmiyyətlərdə daha dəqiq şəkildə öyrənilməsini gündəmə gətirir.
Sonra mövzu ətrafında çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb, məruzədə səsləndirilən tezislərin əhəmiyyəti yüksək qiymətləndirilib.