Dilçi alimlərimiz Neftçalada beynəlxalq elmi konfransda
Neftçala rayonunda “Regional İnkişaf” İctimai Birliyinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, o cümlədən neftçalalı dilçi alimlərin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “AZLİNG 2023 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı III Beynəlxalq elmi konfrans keçirilib. Neftçala rayon Heydər Əliyev Mərkəzində təşkil edilən beynəlxalq elmi konfransda Azərbaycanla yanaşı, müxtəlif xarici ölkələrdən 80-dən çox dilçi alim və gənc tədqiqatçı iştirak edib. Açılış mərasiminə rayon rəhbərliyi və ölkəmizin tanınmış ziyalıları qatılıblar.
Konfransda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllim və tələbələri də iştirak ediblər. Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva “Şəxs əvəzliyi və şəxs sonluğu paralelliyinin tarixi təkamülü”, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə “Cümlə semantik sintaksis aspektində”, “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Azərbaycan dilinin dialekt leksikasında ayrım dialektinin yeri” və Pərvin Eyvazov “Heydər Əliyev və Azərbaycanda türkoloji dilçiliyin inkişafı”, doktorant Simnar Əlizadə “Söz-cümlədə semantika və informasiya”, IV kurs tələbəsi Mühəmmədəli Ağayev isə “Azərbaycan türkcəsində sifətin dərəcə göstəricilərinin tarixi inkişafı və müasir ədəbi dildə işlədilməsi” adlı mərzuələrlə çıxış ediblər.
Həmçinin Qızılgül Abdullayeva, Ramil Bayramov və Pərvin Eyvazov bölmə iclaslarına moderatorluq ediblər. Konfransın bağlanış mərasimində təmsilçilərimiz sertifikatlarla təltif olunublar.
Sonda qonaqlar Neftçala rayon rəsm qalereyasında neftçalalı rəssamların əsərləri ilə tanış olublar.
Qeyd edəki konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanından irəli gələrək müasir dilçilik elminin çağırışları fonunda Azərbaycan dilinin tədqiqatına töhfə vermək, dilimizin tədqiqi, tədrisi və qorunması istiqamətində dövlət tərəfindən görülən tədbirlərə dəstək olmaq, Azərbaycan dilinin xaricdə tədrisi məsələlərinə diqqət çəkmək, eyni zamanda gənc tədqiqatçılara bu istiqamətdə əlavə imkanlar yaratmaqdır.