Dilçi alimlərimiz “AZLİNQ 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfransda iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, neftçalalı dilçi alimlərin - Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərovanın təşəbbüsü ilə “AZLİNQ 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı növbəti beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq bu il dördüncüsü təşkil olunan konfransa Azərbaycanın tanınmış dilçi alimləri ilə yanaşı yerli və xarici gənc tədqiqatçılar da qatılıblar.
Açılış mərasimindən sonra 11 fərqli mövzuda təşkil olunan panel iclaslarında Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını təmsil edən, eləcə də xarici universitetlərdən iclaslara onlayn qoşulmuş, ümumilikdə 100-dən çox tanınmış alim və gənc tədqiqatçı tərəfindən aktual dilçilik mövzuları üzrə ən son tədqiqat işləri təqdim olunub.
Konfransda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllim və tələbələri də iştirak ediblər. Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov, Türkologiya kafedrasının dosenti, filologiya elmləri doktoru Qızılgül Abdullayeva, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova, dosent Fikrət Əlizadə və baş müəllim Təranə İsmayıl, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov və Pərvin Eyvazov, fakültənin tələbələri, TEC üzvləri – Vüsalə Rizvanova və Məlahət Cəlilova Azərbaycan dilçiliyi və türkologiyanın aktual məsələlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər.
Həmçinin filologiya elmləri doktoru Qızılgül Abdullayeva, konfransın elmi heyətinin üzvləri - Ramil Bayramov və Pərvin Eyvazov panel iclaslarına moderatorluq ediblər. Bağlanış mərasimində gənc tədqiqatçıları adından çıxış edən Pərvin Eyvazov təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, konfransın gələcək işlərinə uğurlar arzulayıb. Sonra təmsilçilərimiz sertifikatlarla təltif olunublar.
Sonda qonaqların Neftçala Rayon Xıllı Nərə Balıqartırma Zavoduna ekskursiyası təşkil olunub.