Dilçi alimlər XVII Böyük Türk Dili Qurultayında
26-27 sentyabr 2022-ci il tarixlərində İhsan Doğramacı adına Ərbil Vəqfi, Türkiyənin Özbəkistandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yunus Əmrə İnstitutu, Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları Baş İdarəsi və Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə XVII Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib. Dünyanın müxtəlif ölkələrindən tanınmış dilçi alimlərin və türkoloqların qatıldığı mötəbər beynəlxalq tədbirdə müasir türk dilləri, türk dillərinin tarixi, etimologiyası və onomastikası, dialektologiya, türk lüğətçiliyi, dil əlaqələri və dil siyasəti, türk xalqları ədəbiyyatı mövzularında məruzələr dinlənilib.
“Zoom” platforması üzərindən təşkil olunmuş qurultayda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin dilçi alimləri uğurla təmsil ediblər. BDU-nun Türkologiya kafedrasının əməkdaşları – professor Ramiz Əskər “Türkçe ve Hamse Geleneği”, dosent Qızılgül Abdullayeva “On yedinci Yüzyıl Azerbaycan Edebî Dilinde Emir ve Israrın İntegrallik, Diferensiyallik ve Yenilikle Görünümü”, dosent İslam Vəliyev “Mustafa Daririn “Yusuf ve Züleyha Mesnevisinde Arkaizmler (Türkiye Türkçesi ile Ortak Özellikler)”; Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova “Azerbaycan ve Türkiye Türkçelerinde Ünlemlerin Lengüistik Özelliklerine Dair Görüşler”, filologiya elmləri doktoru, dosent Reyhan Həbibli “Karabağʼın Metaforik Toponimleri”, dosent İsmayıl Məmmədov “Divanü Lugat-it Türk Eserinin Azerbaycan’da Tetkiki Tarihinden”; Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva “Bahtiyar Vahabzade Şiirlerinin Söz Varlığı”, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Samirə Mərdanova “Kul Alinʼin “Kıssa-i Yûsuf” Eserinde Aile - Günlük Konuşma Üslubu Unsurları”, “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Azerbaycan Dilciliğinde Fiilin Tarz Kategorisi İle İlgili Görüşler” və Pərvin Eyvazov “Azerbaycan Edebî Dili Tarihinin Bekir Çobanzade Tarafından Dönemsel Açıdan Sınıflandırılması” adlı mərzuələrlə çıxış ediblər.
Qurultayda Ramiz Əskər, Qızılgül Abdullayeva, Rəhilə Quliyeva və Samirə Mərdanova bölmə iclaslarına sədrlik ediblər. Seksiyalarda alimlərimizin çıxışları maraqla qarşılanıb və məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.
Bağlanış mərasimində konfransın təşkilat komitəsinin sədri, professor Rasim Özyürək və elmi heyətin üzvü professor Abidə Doğan hesabat xarakterli çıxışlarında builki qurultayın əhəmiyyətindən danışıb, növbəti il tədbirin keçirilməsi ilə bağlı təkliflərini səsləndirib, bütün iştirakçılara uğurlar arzu ediblər. Sonda məruzəçilər sertifikatlarla təltif olunub.