Dilçi alimlər beynəlxalq elmi konfransda
Neftçala rayonunda “Regional İnkişaf” İctimai Birliyinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “AZLİNG 2022 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanından irəli gələrək müasir dilçilik elminin çağırışları fonunda Azərbaycan dilinin tədqiqatına töhfə vermək, dilimizin tədqiqi, tədrisi və qorunması istiqamətində dövlət tərəfindən görülən tədbirlərə dəstək olmaq, Azərbaycan dilinin xaricdə tədrisi məsələlərinə diqqət çəkmək, eyni zamanda gənc tədqiqatçılara bu istiqamətdə əlavə imkanlar yaratmaqdır.
Neftçala rayon Heydər Əliyev Mərkəzində təşkil edilən beynəlxalq elmi tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Çin, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin müxtəlif elm və təhsil müəssisələrindən 70-dən çox dilçi alim və gənc tədqiqatçı iştirak edib. Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin dilçi alimləri uğurla təmsil ediblər. Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Tofiq Hacıyev “Cümlədə semantika və informasiya”, professor Zemfira Şahbazova “Azərbaycan dili dərslərində feilin tədrisi zamanı qarşıya çıxan problemlər”, dosent Fikrət Əlizadə “Funksional sintaksisdə aktant və predikatlar”, baş müəllim Təranə İsmayılova “Milli etiketin xüsusiyyətləri”, kafedranın doktorantları – Misir Ərəb Respublikasından İbrahim Fathallah Abdelfatah Elsayed “Azərbaycan dilində ərəb mənşəli alınmaların leksik-semantik xüsusiyyətlərinə dair” və Ruqiyyə Karakoç “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində əmr cümlələri”, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva “Durğu işarələrinin qədim türk dilindəki tarixi mənzərəsi”, “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Azərbaycan dilində psixologiya terminlərinin formalaşma tarixinə dair” və Pərvin Eyvazov “Azərbaycan dilçiliyinin yaranması və inkişafında professor Bəkir Çobanzadənin rolu” adlı mərzuələrlə çıxış ediblər. Qeyd edək ki, Qızılgül Abdullayevanın “Durğu işarələrinin qədim türk dilindəki tarixi mənzərəsi” adlı məruzəsi konfransın açılış mərasimində dinlənilib.
Həmçinin Qızılgül Abdullayeva, Təranə İsmayılova və konfransın elmi şurasının üzvləri - Ramil Bayramov və Pərvin Eyvazov panel iclaslarına moderatorluq ediblər. Panel iclaslarında müasir dilçilik cərəyanları və Azərbaycan dilinin tədqiqi, Azərbaycan dilinin beynəlxalq tədrisi, Azərbaycan dili dərsliklərinə konseptual yanaşmalar, Azərbaycan dili və tərcümə problemləri, Azərbaycan dili və kompüter dilçiliyi, dil siyasəti və dil planlaşdırılması, dilçilik elmi və Azərbaycan ədəbiyyatı və digər vacib mövzular ətrafında məruzələr dinlənilib.
Konfransın bağlanış mərasimində Zemfira Şahbazova və Fikrət Əlizadə BDU təmsilçiləri adından çıxış edərək, belə mühüm tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, konfransın yüksək səviyyədə təşkil olunmasına görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər. Sonda bütün məruzəçilər sertifikatlarla təltif olunub.
Ətraflı: AzərTac:
https://azertag.az/xeber/Azerbaycan_dilchiliyi_movzusunda_beynelxalq_elmi_konfrans_kechirilib-2326052