“Deyimlərdə “papaq” sözünün semantik xüsusiyyətləri” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dilinin tətbiqi məsələləri” Elmi Tədqiqat Laboratoriyasında “Deyimlərdə “papaq” sözünün semantik xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in böyük elmi işçiləri - dosent Lalə Əfəndiyeva, f.ü.f.d. Xatirə Vəliyeva, elmi işçi, f.ü.f.d. Gülarə Şirinova, laborant Elşən Cəfərov, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova, elmi işçi f.ü.f.d. Samirə Məmmədova və kiçik elmi işçi, f.ü.f.d. Təranə Ağamalıyeva iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev mövzunun əhəmiyyətindən danışıb.
Mövzu ilə bağlı məruzə edən kiçik elmi işçi İlhamə Şirbala qızı Hacıyeva “Deyimlərdə “papaq” sözünün semantik xüsusiyyətləri” ilə bağlı apardığı tədqiqat haqqında seminar iştirakçılarına məlumat verib. Bildirib ki, “marksizmə görə, bu və ya başqa əşyanın adı olan sözün bu əşya ilə (əşyanın təbiəti ilə) heç bir müstəqim əlaqəsi yoxdur. Lakin insanlar heç də həmişə bu əqidədə olmayıblar. Qədim insanlar sözlə əşya (predmet) arasında müstəqim əlaqə olması fikrində idilər. Buradan da müxtəlif səhv əqidələr meydana çıxmışdır. Qədim insan hətta sözlə müvafiq əşyanı eyniləşdirirdi. İbtidai insanın fikrincə, bəzi zərərli varlıqların (qorxulu xəstəlik adları, ziyanverici varlıqların adları və s.) adlarını çəkmək kifayətdir ki, onlar peyda olsun. Bu əqidənin qalıqlarını müasir dilin evfemizmlərində görmək mümkündür. Sözü əşya ilə əlaqələndirmək nəticəsində xalq içərisində qarğış və söyüşlər yaradılmışdır. Tədqiqata cəlb etdiyimiz “papaq” sözünün xalq içərisində qarğış kimi işləndiyi məqamlar da var. Məsələn: “Papağın boş qalsın”, “papağın batsın”, “papağın yansın”, “papağın itə qismət olsun”. Bu qarğışların hər birində papaq yiyəsinin ölümü, şərəfi, namusu əldən getməyi mənasını verir. Tədqiqata cəlb etdiyimiz “papaq” sözünün leksik-semantik, qrammatik cəhətdən mənalarını araşdırdıq. “Papaq” sözünün leksik mənası baş geyimi mənasında işlənir. Qrammatik mənası isə isimdir, nə? sualına cavab verir, konkretdir, ümumidir. Araşdırdığımız “papaq” sözü həqiqi mənada baş geyimi mənasında işlədilsə də, məcazi mənaları müxtəlifdir. Məsələn: “Papaq namus üçündür” Azərbaycan atalar sözü həqiqi mənasından çıxaraq məcazilik yaratmışdır. Bu atalar sözündə konkret isim “papaq” sözü baş geyimi mənasından çıxaraq “namus” mücərrəd ismi ilə əvəzlənmişdir. Göstərdiymiz misalda “namus” sözünün papaqla əlaqələndirilməsini belə izah etmək olar ki, Azərbaycan xalqı papağı kişilik, mərdlik rəmzi kimi qəbul etmişdir. Belə bir deyim var: “Papaq elə, işimizi bilək” Bu cümlədə qrammatik cəhətdən konkret isim olan “papaq” sözü baş örtüyü mənasında deyil, “işarə etmək, işarə vermək” mənasında işlədilir. “İşarə” sözü “işarə ver” feilin əmr şəkli ilə birgə işlədilir və yaxud “işarə etmək//eləmək” tərkibi feil yaradır. Digər bir deyimə diqqət yetirək: “Papağını qoy qarşına, yaxşı-yaxşı fikirləş”. Göstərilən bu nümunədə “papaq” sözü ilkin məna kimi baş geyimi olaraq düşünülsə də, məcazi mənada isə insan ikinci “mən”i ilə qarşı-qarşıya oturur, onunla fikrini bölüşdürür, aynada, güzgüdə özünü gördüyü kimi papağında da özünü görür. Cümlənin qrammatik quruluşuna diqqət yetirsək, məqsəd və intonasiyaya görə əmr cümləsidir. Cümlənin xəbəri II şəxsin təkində, feilin əmr şəklindədir. Beləliklə, dil vahidlərinin məna və anlamlarını öyrənən semasiologiya və lüğət tərkibini öyrənən leksikologiya bir-biri ilə sıx şəkildə əlaqədardır. Məna və anlam dilin məzmun planı da adlandırılır. Nəhayət, hər iki elm sahəsi dilin başlıca vahidini, sözü öyrənir".
Elmi seminar müzakirələrlə yekunlaşıb.