“Demokratik müstəmləkəçilik və ya neokolonializm” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında “Demokratik müstəmləkəçilik və ya neokolonializm” mövzusunda elmi seminar keçirilib. Seminarda Dünya ədəbiyyatı kafedrasının professor-müəllim heyəti və magistrantları iştirak ediblər.
Giriş sözü ilə çıxış edən kafedra müdiri, professor Cəlil Nağıyev seminarın mövzusunun əhəmiyyətinə toxunub, “müstəmləkəçilik” və “kolonializm” probleminin başlanılması və onlar arasındakı fərqin, müqayisəsinin araşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən Dünya ədəbiyyatı kafedrasının doktorantı Narifə Kamandar qızı Məmmədova nekolonialzm zəngin dövlətlərin yoxsul və zəif ölkələri keçmişdə olduğu kimi bilavasitə hərbi güc tətbiq etməklə deyil, üstüörtülü şəkildə iqtisadi və siyasi manevrlərlə nəzarətdə saxladığı istismar forması olduğunu, “Nekolonializm” olaraq adlandırılan yeni müstəmləkəçilik anlayışı müstəmləkəçiliyin sadəcə metodu dəyişdirilərək praktikada hələ də davam etdiyi tezisinə əsaslandığını qeyd edib. Çıxışda “nekolonializm”in keçmiş kolonialist dövlətlərin dolayı yolla əvvəlki müstəmləkələr də daxil olmaqla inkşaf etməkdə olan müstəqil dövlətlər və xalqlar üzərində iqtisadi, siyasi və mədəni nəzarəti həyata keçirdikləri istismarın müasir forması olduğu vurğulanıb. Məruzəçi, ingilisdilli kolonialist ədəbiyyatın nümayəndələri Toni Morison, Xalid Hüseyn, Nadima Qordinerin əsərlərindən nümunələr gətirərək mövzuda qoyulan problem əsaslandırıb.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Professor Cəlil Nağıyev, dosentlər Nərmin Həsənova, Sevinc Məmmədova, müəllim Noval Al-Abbasi, Bilqeyis Əliyeva və digərləri məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Seminar müzakirələrlə yekunlaşıb.