“Dədə Qorqud” ETL-in növbəti elmi seminarı
Oktyabrın 21-də BDU-nun Filologiya fakültəsində “Dədə Qorqud” ETL-in təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud” dastanından gələn ənənələr, qopuzdan saza, sələflər və xələflər” adlı elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva laboratoriya tərəfindən təşkil olunan elmi seminarların mövzusunun əhəmiyyətindən və aktuallığından söz açıb. Bildirib ki, il ərzində keçirilən seminarlarda edilən məruzələr toplu halında laboratoriyanın “Dədə-Qorqud Dünyası” adlı məcmuəsində çap olunacaq. Almara Nəbiyeva sonuncu seminarın mövzusu haqqında ətraflı məlumat verib: “Alimlərimizin araşdırmalarından bəlli olur ki, əski dövrlərdə yaranmış dastanda türk xalqlarının, eləcə də Azərbaycan xalqının ən qədim musiqi aləti qopuz olmuşdur. Bu musiqi alətinin adına hələlik “Kitabi-Dədə Qorqud” dastanında rast gəlirik. Bu, müasir dövrümüzdə olan ana saz, böyük və ya tavar sazın, qolça qopuz isə cürə sazının yaxud qoltuq sazının əcdadıdır. Qopuzun - sazın türk xalqları arasında ən geniş yayıldığı yer qədim oğuzların məskunlaşdığı ərazilər hesab edilir. Onlar ən qədim nəğmə və mahnılarını, qoşma, gəraylılarını qopuzun - sazın telləri üzərində kökləmiş və tərənnüm etmişlər. Qopuz sözünə XI yüzilliyin məhsulu olan və bizə yazılı mənbə kimi gəlib çatan Mahmud Kaşğarinin “Divani-lüğət-it türk” əsərində də rast gəlirik. M.Kaşğari “Divan”da qopuz sözünü qupuz, kubuz kimi işlətmişdir. Hətta bunu biz çox sonralar XVI yüzillikdə Şah İsmayıl Xətainin dövründə də izləyirik. Təbii ki, sazın inkişafı, imkanları XI-XII yüzilliklərdə qopuzu üstələyirdi. Ona görə də Dədə Qorqud boylarındakı şeir nümunələri ilə sonrakı yüzilliklərdə yaranmış dastanlanmızdakı şeir parçaları arasında olan fərqli cəhətlər göz qabağındadır. Ozan şeiri qopuzla, aşıq şeiri sazla əlaqəli yaranmış və inkişaf etmişdir. Bəlkə də, ilk baxışdan formalaşmamış kimi görünən “Kitabi-Dədə Qorqud” şeirləri qopuzun tələblərinə uyğun olduğu üçün belə təsir bağışlayır”.
Professor Mahmud Allahmanlı qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanından gələn ənənələr ta qədim köklərə söykənir. Bu səbəbdən dastanda İslamdan öncəki və sonraki dövrlər əks olunur. O, Qorqud Atanın sözlərini söyləyərək bir-bir şərh edib: “Rəsul əleyhissalam zəmanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın, ol kişi təmam bilicisiydi, - nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Haq Təala anın, könülinə ilham edərdi”. Məruzəçi bildirib ki, “Dədə Qorqud”dakı ailə mədəniyyəti bu gün öz varlığını qoruyur. Ağsaqqala hörmət, kiçiyə qayğı, vətənə, torpağa, anaya sevgi - türkün xəmri bu dəyərlərlə yoğrulub”.
Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər mövzu ilə bağlı fikirlərini bölüşüb: “Ümumilikdə hamımıza məlumdur ki, türk dünyasının İslama qədər yazılı olan doqquz böyük dastanı var. Qədim türk dilində runik yazısı ilə yazılan “Orxon Yenisey” abidəsi VI-X əsrləri əhatə edir. Bu ən böyük yazılı abidə özündə 510 işarəni cəmləyir. Həmçinin buraya “Oğuznamə”, “Ərgənəkon”, “Doğuluş”, “Köç”, “Alp Ər Tonqa”, “Şu”, “Alpamış”, “Manas”dastanları aiddir. Amma əsrlər keçsə də, türk xalqlarının ən fundamental əsəri “Kitabi-Dədə Qorqud” eposu hesab olunur”.
Daha sonra seminara qismində dəvət olunan aşıqlar - Göyçə Mədəniyyət Evinin rəhbəri Bəhmən Göyçəli, Aşıq Təbriz, Cahangir Quliyev, Ramin Qarayev və Əli Zeynələbdinov müxtəlif aşıq havaları ifa ediblər.