“Dədə Qorqud” ETL-in əməkdaşları “Dədə Qorqud” irsi – xalqımızın mənəvi sərvəti” adlı tədbirdə iştirak ediblər
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filialları ilə birgə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin incilərindən biri olan “Kitabi-Dədə Qorqud” dastanının 210 illik yubileyi münasibətilə 2№-li kitabxana filialında “Dədə Qorqud irsi - xalqımızın mənəvi sərvəti” adlı tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Azərbaycan ədəbiyyati tarixi kafedrası nəzdində “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının əməkdaşları - laboratoriya müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, filologiya üzrə fəlsəfə doktoru Samirə Quliyeva, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə İbrahimova, İlhamə Babanlı, Rəna Cavadova, Fərqanə Ağayeva, Fərqanə Əliyeva iştirak ediblər. Çıxış edənlər qeyd ediblər ki, 1815-ci ildə alman alimi H.F. Dits “Dədə Qorqud kitabı”nı ilk dəfə aşkara çıxarıb və nəşr etdirib. Bu hadisədən 210 il ötür və həmin vaxtdan etibarən “Dədə Qorqud” dastanı yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının ortaq mədəni irsi kimi tanınmağa başlayıb. Tədbirdə dastanın əhəmiyyəti barədə danışılaraq vurğulanıb ki, “Kitabi-Dədə Qorqud” xalqımızın tarixi yaddaşı, qəhrəmanlıq salnaməsi və milli-mənəvi dəyərlər xəzinəsidir. Əsərdəki qəhrəmanlıq motivləri, ailə bağları, vətən sevgisi və humanizm ideyaları bu gün də öz aktuallığını qorumaqdadır. Daha sonra tədbir iştirakçıları dastandan seçilmiş parçaları səsləndiriblər. Tədbirdə o da vurğulanıb ki, “Kitabi-Dədə Qorqud”un 210 illik yubileyinin qeyd olunması xalqımızın öz kökünə, tarixinə və milli dəyərlərinə olan sədaqətinin bariz nümunəsidir. Bu irsin yaşadılması və gənc nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur. Sonda "Dədə Qorqud dünyası" adlı beynəlxalq elmi jurnal tədbir iştirakçılarına təqdim olunub.