"Dədə Qorqud" ETL-də elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” ETL-də “Kitabi-Dədə Qorqud” dastanının dilində köməkçi nitq hissələrinin qrammatik-semantik xüsusiyyətləri” adlı elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva laboratoriya tərəfindən təşkil olunan elmi seminarların mövzusunun əhəmiyyətindən və aktuallığından söz açıb. O, mövzu haqqında ətraflı məlumat verərək qeyd edib ki, bu, 2023-cü ilin ilk elmi seminarıdır. Məlum olduğu kimi elmi seminarlar artıq ikinci ildir ki əməkdaşlarımız tərəfindən keçirilir. Bu günə qədər altı elmi seminarımız keçirilib. Seminarın mövzusu “Kitabi-Dədə Qorqud” dastanında köməkçi nitq hissələrinin qrammatik-semantik xüsusiyyətləri” adlanır. Məlumdur ki, dünyəvi eposumuzun dili klassik ədəbiyyatımızın dili ilə müqa¬yisədə xarici dillərin təsirinə daha az məruz qalıb. Bu baxımdan, “Kitabi-Dədə Qorqud” dastanı dilin müxtəlif inkişaf mərhələlərinə aid qrammatik kateqo¬riyaları, xüsusən də, köməkçi nitq hissələrini günümüzə qədər gətirib çıxarmış etibarlı mənbədir.
Elmi seminarın ilk məruzəçisi - laboratoriyanın kiçik elmi işçisi, fil.f.d. Ülviyyə İbrahimova öz çıxışında bunları qeyd edib: “Kitabi Dədə Qorqud” dastanı dünya mədəniyyətinə töhfələr vermiş tarixi abidəmizdir. Dastan həm dilimizin, həm ədəbiyyatımızın bütövlükdə mədəniyyətimizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Dastan dilini araşdırdığda orada işlənən köməkçi nitq hissələri ilə müasir Azərbaycan dilində işlənən köməkçi nitq hissələri arasında bir o qədərdə fərqə rast gəlmirik. Dastandan gətirdiyimiz nümunələr bunu deməyə əsas verir. Düşünürük ki, əsrlər keçsə də, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan dilinin, ədəbiyyatın və tarixinin öyrənilməsində hər zaman məlumat qaynağı kimi elm adamlarının öyrənilmə obyekti olacaqdır”.
Seminarın digər məruzəçisi Fərqanə Ağayevanın çıxışında bır sıra məsələlərə toxulunub: “Kitabi-Dədə Qorqud” dastanın dili Azərbaycan dilçiliyində də Türkiyə dilçiliyinə nisbətən, geniş şəkildə tədqiq olunmuşdur. Dastan çoxsaylı elmi tədqiqatların obyekti olmuşdur. Eposun bir neçə fərqli nüsxədə aşkarlanması, ərəb yazısının çətin oxunuşu, bəzi sait səslərin yazılmaması tədqiqatçıları arasında mübahisələr yaradır. Dastanda köməkçi nitq hissələri arasında ədatların ən işlək olduğunu, modal sözlərin isə az işlək olduğunu müşahidə edirik”.