"Dədə Qorqud" ETL-də elmi seminar
Noyabrın 16-da BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” ETL-də “Dədə Qorqud - övliya, ozan, el ağsaqqalı kimi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva laboratoriya tərəfindən təşkil olunan elmi seminarların mövzusunun əhəmiyyətindən və aktuallığından danışıb. Bildirib ki, il ərzində keçirilən seminarlarda edilən məruzələr toplu halında laboratoriyanın “Dədə-Qorqud Dünyası” adlı məcmuəsində çap olunacaq. Almara Nəbiyeva budəfəki seminarın mövzusu haqqında ətraflı məlumat verib: “Tədqiqatçı-alimlərimizin araşdırmalarından bəlli olur ki, Qorqud Ata bu oğuznamənin müəllifi kimi çıxış edir. Dastanda Qorqud Atanın ozan statusu almasında önəmli rolu təkcə onun bilgili olması deyil, həmçinin qopuzda mahir ifa etmək qabiliyyətinə malik olması da mühüm yer tutur. “Kitabi-Dədə Qorqud” dastanında Qorqud ata nurani el ağsaqqalı və müdrik filosof keyfiyyətlərini daşıyan ozandır, türklərin İslam dini ilə müşərrəf olmasından sonra övliya statusuna yüksəlir”.
Mövzu ilə bağlı məruzə edən professor Adil Babayev qeyd edib ki, “Qorqud Atanın dediyi müdrik kəlamlar və deyimlərdən isifadə etməklə qədim oğuzların milli-mənəvi dəyərləri, onların adət-ənənələri, türk xalqına məxsus olan bir çox spesifik xüsusiyyətləti haqqında məlumat əldə edilir. Ümumiyyətlə, Dədə Qorqudun şəxsiyyəti haqqında müxtəlif fikirlər səsləndirilmişdir. Dədə Qorqudun adı, şəxsiyyəti, yaşadığı dövr, ilk növbədə, bu boylarda və müxtəlif oğuznamələrdə qorunur. Bizim qorqudşünasların bir qismi Qorqud Atanı tarixi şəxsiyyət kimi, bir qismi isə əfsanəvi qəhrəman təqdim etmişdir. Sonuncular Dədə Qorqudun qəbrinin Qazaxıstanda, Türkmənistanda, Sırdərya sahilində və Azərbaycanda olduğuna əsaslanıb onun ümumiləşmiş bədii obraz olmasını əsas götürürlər. Dədə Qorqudun adı bütün türklərin yaşadıqları bölgələrdə min ildən bəri dolaşdığına görə onun adı ilə yerlər, yurdlar və qəbirlərin də olması təbiidir”.
ETL-in əməkdaşı Fərqanə Əliyeva öz çıxışında bildirib ki, “Kitabi-Dədə Qorqud” eposunun kökləri ən qədim dövrlərdən, tanrıçılıqdan gələn türkçülüyün antropologiyasında formalaşaraq İslam dinində öz tərənnümünü tapır. Qorud Ata oğuz türklərinin el ağsaqqalından, ozanından “vilayyəti-övliya” mərtəbəsinə yüksələrək türkçülük mədəniyyətinin İslam dəyərləri ilə vəhdətini özündə cəmləşdirir”.
Seminarda digər çıxış edənlər vurğulayıblar ki, doğrudan da, Dədə Qorqud tarixi şəxsiyyətdir və bunu dastanda olan bir çox məqamlar da sübut edir. Dastanla bağlı xeyli sayda araşdırmalar aparılsa da, Qorqudun şəxsiyyəti, ümumən, eposun türkoloji kontekstdə ayrı-ayrı istiqamətlərdən tədqiqi bu gün də aktuallıq daşıyır.