“Dədə Qorqud”dan soraq verən şəkil yazılar” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Dədə Qorqud”dan soraq verən şəkil yazılar” mövzusunda elmi seminar keçirilib. Laboratoriya müdiri Almara Nəbiyeva seminarın mövzusunun əhəmiyyətinə toxunaraq, “Kitabi-Dədə Qorqud” dastanındakı şəkil yazılardan, əsərin yazılışında və təqdimatında istifadə olunan xüsusi yazı tərzi və estetik elementlərdən danışıb və bu yazı üslubunun yalnız mətnin məzmununu deyil, həm də onun vizual görünüşünü və stilini, dastanın orijinal yazılı formaları, ümumiyyətlə, qədim türk yazı üslubunu özündə əks etdirməsinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı məruzə edən “Dədə Qorqud” laboratoriyasının kiçik elmi işçisi Samirə Quliyeva dastanda Dədə Qorqud faza portreti haqqında danışaraq, faza portretinin, onun obrazının çoxşaxəli təhlilini aparıb və bununla yanaşı onun oğuz türklərinin ənənəvi dünyagörüşünü, dəyərlərini və mədəniyyətini simvolizə etdiyini qeyd edib.
Laboratoriyanın kiçik elmi işçisi İlhamə Babanlı “Dədə Qorqud” eposunun yalnız bir folklor nümunəsi olaraq deyil, həm də bədii və estetik cəhətdən zəngin bir əsər olması, şəkil yazıların bu dastanın həm məzmununu, həm də formalarını daha cəlbedici və əhəmiyyətli edən bir element olması haqqında məlumat verib.
Sonra mövzuyla bağlı çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Seminar müzakirələrlə yekunlaşıb.