“Cümlədə semantika və informasiya” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında “Cümlədə semantika və informasiya” mövzusunda elmi seminar keçirilib. Kafedra müdiri, professor Tofiq Hacıyev seminar mövzusunun əhəmiyyətinə toxunaraq, araşdırılan məsələnin aktual olduğunu və gələcək tədqiqatların aparılmasına da yol açdığını xüsusi vurğulayıb.
Mövzu ilə bağlı məruzə edən kafedranın əyani doktorantı Simnar Əlizadə cümlə, onu formalaşdıran əsas əlamətlərdən, modallıq, predikativlik və intonasiyanın cümlənin semantika və informasiyasına təsirindən bəhs edib. Sadə və mürəkkəb cümlələrin həm bitkin, həm də elliptik formalarında semantika və informasiya münasibətindən danışaraq, nəzəri faktları bədii ədəbiyyatdan gətirdiyi nümunələrlə əsaslandıran məruzəçi eyni zamanda sadə cümlənin natamam formaları olan söz-cümlə, adlıq cümlə və vokativ cümlələrdə də semantikanın formalaşması, bu tip cümlələrdə məhdud sintaktik strukturla zəngin semantika və informativliyin vəhdətini diqqətə çatdırıb. Qeyd edib ki, əksər cümlələrdə informasiya semantikaya uyğun gəlsə də, bəzən kontekstdən və situasiyadan asılı olaraq, informasiyanın semantikaya uyğun gəlməməsi hallarına da rast gəlinir. Buna görə də cümlədə ifadəsi nəzərdə tutulan informasiyanı müəyyənləşdirmək üçün kontekstə əsaslanmaq olduqca vacib məsələdir. Eyni zamanda, cümləni formalaşdıran sözlərin polifunksionallığı, frazeoloji birləşmələrin, deyimlərin cümlədə iştirakı da semantika və informasiya münasibətinə öz təsirini göstərir. Doktorant mürəkkəb cümlənin semantika və informasiya münasibətlərindən danışarkən Ə. Abdullayev, T. Müzəffəroğlu və Q. Kazımovun fikirlərini də müqayisəli təhlil edib.
Sonra mövzu ilə bağlı çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Mövzu ilə bağlı çıxışlarda müzakirə edilməmiş məsələlərin öyrənilmə yolları yüksək qiymətləndirilib.
Elmi seminar müzakirələrlə yekunlaşıb.