“Çin ədəbiyyatının öyrənilməsinin və tədrisinin aktual problemləri” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında “Çin ədəbiyyatının öyrənilməsinin və tədrisinin aktual problemləri” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru İlqar Hüseynov qeyd edib ki, Çin ədəbiyyatı Bakı Dövlət Universitetində Uzaq Şərq ədəbiyyatı kontekstində on ilə yaxındır ki, rus bölməsində tədris olunur. Bu illər ərzində həm müəyyən irəliləyişlər, həm də bir sıra problemlər mövcuddur. Qeyd etmək lazımdır ki, son illər ərzində sürətlə inkişaf edən Çin-Azərbaycan siyasi, iqtisadi, mədəni əlaqələri bu sahənin öyrənilməsi və tədrisi məsələlərinə də öz təsirini göstərməkdədir. Bu baxımdan BDU-nun Şərqşünaslıq fakültəsində uzun illər Çin regionşünaslığı üzrə mütəxəssislərin yetişdirilməsi ilə yanaşı, son iki il ərzində Çin dili və ədəbiyyatı (yəni Çin filologiyası) üzrə qrupların açılması, həmin qruplarda “Çin ədəbiyyatı tarixi” fənninə ayrılan saatları artırılması bunun əyani sübutudur.
Kafedra müdiri, professor Cəlil Nağıyev seminar mövzusunun əhəmiyyətinə toxunaraq, son illər Çin ədəbiyyatının tədqiqinə maraq yarandığına, bu sahədə aparılan araşdırmalara diqqət çəkib, “oreantalizm” və “şərqşünaslıq” terminlərinin fərqini izah edib.
Sonra mövzu ilə bağlı çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Kafedranın dosentləri Nüşabə Sadıxlı və Nərmin Həsənova mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Seminar müzakirələrlə yekunlaşıb.