“Cənubi Azərbaycanda ana dilimizin problemləri”
BDU-nun Filologiya fakültəsində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Cənubi Azərbaycanda ana dilimizin problemləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə BDU-nun rektoru Elçin Babayev, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, millət vəkili, akademik Nizami Cəfərov, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
BDU-nun rektoru Elçin Babayev əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək, müasir dünyanın dil mənzərəsindən, Azərbaycan dilinin keçdiyi inkişaf yolundan, regional statusundan, milli dil və dövlət dili kimi keşməkeşli taleyindən, dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin kifayət qədər güclü olmasından söz açıb, dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyev və dövlət başçısı prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən dil quruculuğundan bəhs edib. Bildirib ki, Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin bir dildir. Dünyanın qədim tarixə malik dillərindən olan Azərbaycan dili minillərin sərt sınaqlarından keçərək xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən birinə çevrilib. Cənab Prezidentin ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışına toxunan rektor onu da vurğulayıb ki, ana dilimizə göstərilən dövlət qayğısının sərhədi bu gün artıq beynəlxalq miqyasda öz əksini tapır. Ali Baş Komandan təkcə ölkəmizdə deyil, ümumən dünyada yaşayan azərbaycanlıların ana dili məsələsini diqqət mərkəzində saxlayır və bu barədəki narahatlıqlarını çıxışlarından tez-tez bəyan edir.
“Ana dilimiz cənubi Azərbaycanda” adlı məruzə ilə çıxış edən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov cənubi Azərbaycanda dil siyasəti və dil situasiyası, xalq danışıq dili, ədəbi dil və norma məsələləri haqqında ətraflı məlumat verib, ötən yüzillikdə Cənubi Azərbaycanda formalaşan milli düşüncəli yaradıcı ziyalıların ana dilimizin təbliği və öyrənilməsinə verdikləri töhfələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Məruzəçi bildirib ki, İranda əsrlər boyunca Azərbaycan dili dövlət tərəfindən mühafizə olunmasa da, ana dilimizdə mükəmməl klassik əsərlər yaranıb. Ona görə də cənubda ana dilimizin hər hansı şəkildə - ən mədəni formalardan ən vulqar formalara qədər qadağan olunması onun inkişafını ləngidə bilər, ancaq heç cür dayandıra bilməz.
Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin “Güney Azərbaycan; ədəbi dil, koyne dialekt, yoxsa hibrit dil” adlı məruzəsində Azərbaycan ədəbi dilinin cənub qolu ətrafında gedən müzakirələrdən söz açılıb. Professor qeyd edib ki, İranda azərbaycanlı ziyalılar arasında ədəbi dillə bağlı fikir müxtəlifliyi mövcuddur. Bir qrup ziyalılar Azərbaycan Respublikasındakı ədəbi dilin eyni şəkildə işlədilməsini təklif edirlər. İkinci istiqamət Təbriz dialektinin koyne funksiyasının genişləndirilməsidir. Üçüncü istiqamət isə Türkiyə türkcəsindən ədəbi dil kimi istifadə etməyin tərəfdarlarıdır. Onların fikrincə, Türkiyə türkcəsi ortaq dil fünksiyası yerinə yetir diyinə görə, onların dili digər türklər üçün anlaşıqlı olacaqdır.
Tədbirin moderatoru Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov 21 Fevral Beynəlxalq Ana Dili Gününün tarixi əhəmiyyətindən, dünya dillərinin müasir vəziyyətindən, inkişaf etmiş ölkələrin və beynəlxalq təşkilatların həyata keçirdikləri dil siyasətindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin ünsiyyət coğrafiyasından, o cümlədən cənubi azərbaycanlıların dil problemindən danışıb.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, cənab prezident İlham Əliyevin ana dilimizə göstərdikləri diqqət və qayğıdan bəhs olunan, o cümlədən Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını müəllifin öz dilindən səsləndirdiyi videoçarx nümayiş olunub.