Professor Cəlil Nağıyevin ustad dərsi keçirilib
2022-ci il 30 mart tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında ustad dərsi keçirilib. Ustad dərsində kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib.
Dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru professor Cəlil Nağıyev “Müasir dünya ədəbi prosesi və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Cəlil Nağıyev ilk öncə dünya ədəbi prosesinin inkişaf mərhələləri haqqında yığcam şəkildə məlumat verib və bu ədəbi prosesin əsas tendensiyalarını göstərib. Mövzunun aktuallığı ilk növbədə dünya ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqələndirilməsi problemi üzərində qurulub. Cəlil Nağıyev bildirib ki, müasir Azərbaycan ədəbiyyatı hal-hazırda inkişaf etmiş Qərb ədəbiyyatları ilə daha intensiv şəkildə əlaqələr qurmaqdadır. Qərbin qabaqcıl ədəbi ənənələri yeni Azərbaycan ədəbiyyatına müəyyən təsirlər göstərir və Azərbaycan ədəbiyyatı da Qərbin qabaqcıl ədəbi ənənələrindən qidalanır.
Məruzəçi ən qədim dövrlərdən başlayaraq Şərq-Qərb ədəbi proseslərindən bəhs edib. O, bu ədəbiyyatların qarşılıqlı əlaqəsi haqqında danışıb və Qədim Şərq ədəbiyyatının unikallığını və ilkinliyini qeyd edib. Məruzədə antik ədəbiyyatın böyüklüyü, möhtəşəmliyi göstərilib, eləcə də Orta əsrlər və intibah dövrü Şərq ədəbiyyatı haqqında məlumat verilib. İntibah dövrü Avropa ədəbiyyatınınn əsas inkişaf meyilləri göstərilib, ondan sonrakı dövrlərdə Qərbi Avropa və dünya ədəbiyyatının inkişaf istiqamətləri təhlil edilib. Eyni zamanda XIX əsrin sonlarından başlayaraq bu günə qədər davam edən həm Qərbi Avropa, həm də bəzi inkişaf etmiş Şərq ölkələri, o cümlədən də Azərbaycan ədəbi prosesi müqayisəli aspektdə təqdim edilib. Göstərilib ki, müasir Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının ayrılmaz hissəsidir. Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatından yararlandığı kimi, həm də müasir dünya ədəbi prosesinə töhvələr verir. Müasir Azərbaycan yazıçılarının əsərləri bir sıra dünya xalqlarının dillərinə tərcümə olunur. Eyni zamandan o da qeyd olunub ki, müstəqillik dövründən etibarən dünya ədəbiyyatının bir sıra görkəmli yazıçılarının yaradıcılıqları orijinaldan Azərbaycan dilinə daha intensiv şəkildə tərcümə olunmaqdadır. Dünya ədəbiyyatı ilə tanışlıq prosesi hal – hazırda Azərbaycanda daha dərin və əhatəli şəkildə inkişaf etməkdədir.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.