Cəlil Məmmədquluzadəyə həsr olunmuş “Poeziya saatı”
“BDU Könüllüləri” təşkilatının “PennaDoro” klubunun təşkilatçılığı ilə görkəmli dramaturq Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunmuş “Poeziya saatı” adlı tədbir keçirilib.
Klubun sədri Fidan Mövləyevanın açılış nitqindən sonra Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyəti ilə bağlı hazırlanmış videoçarx izlənilib, dramaturqun şah əsərlərindən sayılan “Anamın kitabı”, “Ölülər” tragikomediyaları və “Danabaş kəndinin əhvalatları” povesti müzakirəyə qoyulub. Müzakirə zamanı “Ölülər - XXI əsr” filmindən qısa epizodlar nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan yazıçısı yaşadığı dövrdə baş verən problemləri və onların həlli yollarını əsərlərində göstərərək xalqı maarifləndirməyə çalışıb. Yazıçının belə problemləri əks etdirməsinə səbəb isə iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, xalqın və ölkənin qarşılaşdığı çətinliklər olub. Ədib bir çox əsərlərində vətənə sədaqət, ana dilinə məhəbbət, ailəyə bağlılıq kimi milli-mənəvi dəyərləri ön plana çəkib.