“Çağdaş tatar hekayələri antologiyası” kitabının təqdimatı keçirilib
BDU-nun Filologiya fakültəsində Türkologiya kafedrasının II kurs magistrantı Məleykə Mirzəli tərəfindən Azərbaycan dilinə tərcümə edilən, redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu olan “Çağdaş tatar hekayələri antologiyası” adlı kitabın təqdimatı keçirilib.
Fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan dosent Məti Osmanoğlu ərsəyə gələn kitabın Azərbaycan oxucusuna tatar ədəbiyyatını tanıtmasının əhəmiyyətindən danışıb, gələcəkdə türk xalqları ədəbiyyatının müqayisəli tədqiqi və tədrisinə, xüsusilə tatar ədəbiyyatının öyrənilməsinə yardımçı olacağını diqqətə çatdırıb.
Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva öz çıxışında kitabın qardaş xalqlar arasında mühüm ədəbi hadisə olduğunu, M.Mirzəlinin kafedranın elmi həyatında aktiv iştirak etdiyini qeyd edib, tərcüməçinin və redaktorun fəaliyyətini yüksək qiymətləndirib.
Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov kitabın həm Azərbaycan-tatar xalqları arasında mədəni əlaqələrin daha da yaxınlaşması, həm də türk dünyasındakı ədəbi şəxsiyyətlərin ölkəmizdə tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. M.Mirzəlinin fakültənin elmi-mədəni həyatında aktiv iştirak etdiyini qeyd edən dekan bu işin ərsəyə gəlməsində həmişə tələbələrə dəstək olan Məti Osmanoğlunun da mühüm xidməti olduğunu diqqətə çatdırıb.
“Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov Filologiya fakültəsində tələbə və magistrantların elmə olan marağının artırılması istiqamətində görülən işlərdən, Tələbə Elmi Cəmiyyətinə sədrlik etdiyi müddətdə Məleykə Mirzəlinin nümunəvi fəaliyyətindən, dosent Məti Osmanoğlunun elmi-pedaqoji fəaliyyəti ilə gənclərə örnək olmasından danışıb, kitabın işıq üzü görməsində hər iki müəllifin fədakar əməyini yüksək qiymətləndirib.
“Çağdaş tatar hekayələri antologiyası”nın tərcüməçisi Məleykə Mirzəli nəşrin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, layihə rəhbəri Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı olan bu kitabın Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyində də təqdimatı keçirilib. M.Mirzəli həm kitab, həm də onun barəsində deyilən xoş sözlərə görə müəllimlərə təşəkkür edib, ona göstərilən belə yüksək etimadı bundan sonra da doğruldacağını bildirib.
Sonda iştirakçılara kitablar imzalanıb və BDU-nun Elmi Kitabxanasına 10 nüsxə kitab hədiyyə verilib.